Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də Bakıda keçirilən “Neokolonializm: insan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti rəsmi sənəd kimi yayılıb.
Yada salaq ki, prezident müraciətində Azərbaycanın XXI əsrdə müstəmləkəçiliyin davam etməsindən və müstəmləkəçiliyin yeni təzahürləri tendensiyalarının güclənməsindən narahat olduğunu vurğulayıb. Afrikanın, Cənub-Şərqi Asiyanın, Sakit okeanın, Latın Amerikasının onlarla ölkəsinin Fransa tərəfindən işğalını, sərvətlərinin talan edilməsini, xalqlarının uzun illər əsarətdə saxlandığını qeyd edən İlham Əliyev Fransanın Azərbaycana qarşı törətdiyi çoxsaylı cinayətləri diqqətə çatdırıb, insanlığa, eləcə də etnik mənsubiyyətinə və dininə görə soyqırıma məruz qalmış yüz minlərlə dinc sakinə diqqət çəkib.
İlham Əliyev eyni zamanda, Fransanın dünyada ən çox minadan istifadə edən ölkələrdən biri olduğuna, Azərbaycanın isə minalardan ən çox zərər çəkən ölkələrdən biri olduğuna diqqət çəkib.
Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi müstəmləkəçiliklə mübarizə aparan, azad olmağa çalışan xalqları dəstəkləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.