Ermənistan Milli Təhlükəsizlik Xidməti regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmə yaradıb. Bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
O xatırladıb ki, belə bir bölmənin açılması tapşırığı regional kommunikasiyaların açılmasını özündə ehtiva edən “Dünyanın kəsişməsi” təşəbbüsünün bir hissəsi kimi Milli Təhlükəsizlik Xidmətinə verilib.
Baş nazir əlavə edib ki, bu bölmənin funksiyası avtomobil və dəmir yolları ilə hərəkət edən insanların və yüklərin təhlükəsizliyinə nəzarət, o cümlədən elektrik xətlərinin, qaz kəmərlərinin, telekommunikasiya kabellərinin və digər infrastrukturun fəaliyyətinə nəzarət olacaq.
Azadmedia.az xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə keçirilən “İpək Yolu” forumunda “Dünyanın kəsişməsi” layihəsini təqdim edib. Layihədə Azərbaycan və Ermənistan arasında danışıqların aparıldığı prinsiplər, xüsusilə də onların ərazisindən keçən bütün rabitə və kommunikasiya marşrutları üzrə ölkələrin yurisdiksiyası prinsipi təkrarlanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.