KTMT-nin baş katibi İmanqali Tasmaqambetov və BMT-nin baş katibi Antonio Quterreş videokonfrans vasitəsilə söhbət zamanı strateji təhlükəsizlik risklərinin azaldılması üçün əlaqələndirilmiş beynəlxalq addımların vacibliyini vurğulayıblar. Azadmedia.az xəbər verir ki, bu barədə KTMT-nin saytında məlumat verilib.
"Tərəflər KTMT Katibliyi ilə BMT Katibliyi arasında qarşılıqlı fəaliyyətin geniş spektrini müzakirə ediblər. Xüsusilə, qabaqlayıcı regional fəaliyyətlər vasitəsilə strateji təhlükəsizlik risklərinin azaldılması üçün əlaqələndirilmiş beynəlxalq addımların vacibliyi vurğulanıb", - məlumatda deyilir.
Bundan əlavə, tərəflər terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transsərhəd cinayətkarlığı, qeyri-qanuni miqrasiya ilə mübarizə, o cümlədən sülhməramlılıq sahəsində qarşılıqlı fəaliyyət məsələləri üzrə KTMT Katibliyinin BMT-nin müvafiq strukturları ilə işçi əlaqələrinin gələcək inkişafı məsələlərini müzakirə ediblər. "Terrorçuluq ideologiyasının və təbliğatının yayılmasına qarşı mübarizənin və informasiya təhlükəsizliyi sahəsində səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər", - deyə KTMT əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.