Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib ki, ölkə hökuməti İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətlərini qanuniliyi baxımından qiymətləndirməkdən çəkinəcək. Azadmedia.az xəbər verir ki, o, bu sözləriTokioda keçirdiyi mətbuat konfransında deyib.
“İsrail ordusunun hərəkətlərinə gəlincə, biz onların qanuniliyini qiymətləndirməkdən çəkinmək istərdik. Eyni zamanda, [iştirak edən tərəflərin] bütün hərəkətləri beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirilməlidir”, - deyə nazir bildirib.
Noyabrın 3-də Kamikava israilli həmkarı Eli Cohen ilə görüşdə Fələstinin radikal HƏMAS hərəkatının hücumunu pisləyib və humanitar fasilənin zəruriliyini bəyan edib.
Bundan əvvəl diplomat bildirib ki, Yaponiya İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin tezliklə həllinin tərəfdarıdır, habelə humanitar missiyaların həyata keçirilməsi üçün şəraitin təmin edilməsinə tərəfdardır.
Oktyabrın sonunda bildirildi ki, Yaponiya hökuməti Fələstinin radikal HƏMAS hərəkatının maliyyələşməsinin qarşısını almaq üçün onun doqquz liderinin aktivlərinin dondurulmasını nəzərdən keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.