Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Gürcüstan televiziya kanalında Fransadan Ermənistana Gürcüstan ərazisi ilə silah-sursat verilməsinə münasibət bildirib.
Aparıcının Fransadan Ermənistana zirehli texnikanın Gürcüstan vasitəsilə tədarükü Tbilisinin Azərbaycan və Ermənistan arasında vasitəçi roluna mane olub-olmayacağı sualına Darçiaşvili cavab verib ki, “Gürcüstan hər iki ölkəyə tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verir”.
“İstənilən ölkənin müdafiə qüvvəsinə malik olmaq hüququ var və söhbət beynəlxalq müqavilələrlə icazə verilən adi texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onları əldə etmək hüququ var. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə ölkəmizin malik olduğu tranzit funksiyasından bərabər şərtlərlə istifadə etmək imkanı verilsin. Bu, bizim cavabımızdır, bu məsələ ilə bağlı eyhamlar yersiz olacaq”, - Darçiaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanın “əsas məqsədi” “iki dost və qardaş xalqla birlikdə regionda sülh və sabitliyi təmin etməkdir”.
Xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, Gürcüstan bu prosesdə qərəzsiz oyunçu rolunu uğurla yerinə yetirir.
XİN başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsi çox mürəkkəbdir və Gürcüstan uzun illərdir ki, “təbii vasitə” rolunu oynamağa çalışır.
O əlavə edib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin xüsusi səyləri sayəsində konkret nəticələr əldə edilib.
Format "3+3"ə münasibət
“3+3” platforması ilə bağlı Gürcüstanın mövqeyi bəllidir: ölkə bu formatda iştirak etməyib, iştirak etmir və iştirak etməyəcək”, - İliya Darçiaşvili bildirib.
O, Gürcüstanın qonşu dövlətlərlə - Azərbaycan, Türkiyə və Ermənistanla çox yaxşı əməkdaşlığı və ikitərəfli münasibətlərinin olduğunu vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.