15 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Seul Şəhərinin Yonqsan Rayon Bələdiyyəsinə məxsus İncəsənət Zalında gənc azərbaycanlı rəssamların əsərlərindən ibarət “Diplomatiya incəsənəti” adlı sərginin açılışı keçirilib.
Yonqsan Bələdiyyəsi və Azərbaycanda fəaliyyət göstərən “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə əməkdaşlıq əsasında ərsəyə gəlmiş və 18 noyabr tarixinədək davam edəcək sərgi Koreyadakı səfirliyimizin “Heydər Əliyev İli” çərçivəsində təşkil etdiyi növbəti tədbirdir.
Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov tədbirdə giriş nitqi söyləyib. Səfir 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinə toxunub və bu xüsusda, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixində əvəzolunmaz yerindən bəhs edib. Ramin Həsənov vurğulayıb ki, ölkəmizi vaxtilə çox çətin vəziyyətdən çıxarmağa nail olmuş Heydər Əliyevin vətənpərvərliyi, dəmir iradəsi və uzaqgörənliyi hesabına Azərbaycan inkişaf yoluna qədəm qoyub və böyük tərəqqiyə imza atıb. Səfir Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, onun rəhbərliyi altında ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini tam olaraq bərpa etməsi barədə məlumat verib.
Səfir həmçinin Azərbaycanın multikulturalizm ənənələri və dini tolerantlıq mühiti, eləcə də Azərbaycan mədəniyyətinin zənginliyi və rəngarəngliyindən danışıb. Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıdılması üçün gördüyü işləri qeyd edib.
Tədbirdə çıxış edən Yonqsan Bələdiyyəsinin müdir müavini Kim Sun-su Azərbaycanla mədəniyyət sahəsində mövcud əməkdaşlıqdan danışıb. O, azərbaycanlı rəssamları salamlayaraq, onların əsrarəngiz əsərlərinin Yonqsan İncəsənət Zalında sərgiyə qoyulmasının Koreya ictimaiyyətinin Azərbaycan incəsənətiylə tanış olması üçün yaxşı imkan olduğunu bildirib.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev çıxışında rəhbərlik etdiyi təsisatın fəaliyyəti, xarici ölkələrdə keçirdiyi sərgilər və mədəni diplomatiyada incəsənətin rolu barədə məlumat verib.
Sərgidə gənc azərbaycanlı rəssamlar Aydan Məmmədova, Sevil Kərimova, Fatimə Əliyeva, Pərvanə Əhmədova, Nərmin Bağırova, Nərgiz Əhmədova, Banu Davalı və Riad Baxşəliyevin əsərləri nümayiş olunub.
Sərginin açılışı zamanı əməkdar artistlər Sahib Paşazadə, Toğrul Əsədullayev və Kamran Kərimov, eləcə də tarzən Rüstəm Müslümov və xanəndə Səbinə Ərəblinin ifasında Azərbaycan musiqisindən nümunələr səsləndirilib.
Sərgi iştirakçılarına ziyafət verilib.
Tədbirdə Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.