Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı və Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə görüş keçirib. Bu barədə respublika hökumətinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan hökumətinin məlumatına görə, görüş iştirakçıları respublika ilə Aİ arasında əməkdaşlıq məsələlərini, eləcə də birgə proqramları, xüsusən Ermənistanda islahatların gündəliyini müzakirə ediblər.
“Cənubi Qafqaz regionunda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb”, - mətbuat xidmətindən bildirilib.
Görüş iştirakçıları həmçinin regional təhlükəsizlik məsələlərini və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesini müzakirə ediblər. Bundan əlavə, Dağlıq Qarabağdan Ermənistana gedən 100 mindən çox məcburi köçkünün humanitar problemlərinə toxunulub.
Noyabrın 16-da Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, respublika Avropa İttifaqı ilə ona qeyri-öldürücü silahların mümkün tədarükü mövzusunda dialoq aparır.
Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat vermişdi ki, ABŞ və Avropa İttifaqı Ermənistanı transatlantik müttəfiqlərinə yaxınlaşdırmaq məsələsi üzərində işləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.