Yaponiya hökuməti Rusiya və Çin arasında ikitərəfli müttəfiqliyin möhkəmlənməsindən narahatdır. Bu barədə Çinin “South China Morning Post” qəzeti Yaponiyanın yeni təhlükəsizlik hesabatına istinadən məlumat yayıb.
Materialda bildirilir ki, bu hesabat Yaponiyanın Milli Müdafiə Tədqiqatları İnstitutunun (NIDS) əməkdaşları tərəfindən tərtib edilib və ötən həftə dərc olunub. Sənədin müəlliflərinin fikrincə, yaxın bir neçə onillikdə Çin-Rusiya bloku ilə Amerika hakimiyyəti arasında rəqabət yalnız güclənməkdə davam edəcək.
Eyni zamanda hesabatda vurğulanır ki, Tokionu ən çox Moskva və Pekinin birgə hərbi təlimləri narahat edir. İlk növbədə, söhbət Yapon dənizindəki donanma və aviasiya manevrlərindən gedir.
Yaponiyanın Daito Bunka Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Qarren Malloyun dediyi kimi, NIDS hesabatının ölkənin Müdafiə Nazirliyinin ağ sənədləri və digər tədqiqatları ilə çox oxşar cəhətləri var. Buna baxmayaraq, ekspert vurğulayıb ki, Yaponiya üçün Rusiya və Çin orduları arasında əməkdaşlıqla bağlı narahatlıqlar “kabus ssenarisinin” yalnız bir hissəsidir.
O, izah edib ki, Tokio üçün ən pis ssenari ABŞ hərbi qüvvələrinin Hind-Sakit okean regionundan çıxarılmasıdır. Onun sözlərinə görə, bu, Rusiya-Çin müttəfiqliyinin möhkəmlənməsi nəticəsində baş verə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.