ABŞ hərbçiləri Fars körfəzində öz təyyarədaşıyan gəmisinin yaxınlığında uçan İran pilotsuz təyyarəsini aşkarlayıb. Bu barədə “Fox News” telekanalı adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, İrana məxsus pilotsuz uçuş aparatı USS Eisenhower nüvə təyyarədaşıyan gəmisinin yanından keçib. Həmin vaxt təyyarədaşıyan beynəlxalq sularda olub. Qeyd olunur ki, İran pilotsuz uçan aparatı uçarkən ABŞ hərbçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayıb. Vaşinqton İran tərəfinin bu davranışını qeyri-peşəkar və təhlükəli adlandırıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat vermişdi ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcı “USS Eisenhower” aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Fars körfəzi sularına daxil olub.
Azadmedia.az xatırladır ki, ABŞ-ın dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton İsrailə qarşı hər hansı mümkün təcavüzün qarşısını almaq üçün fəal cəhdlər etmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.