Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı dövlətlərin Xarici İşlər nazirliklərinin rəhbərlərinin görüşündə iştirak etmək üçün Moskvaya gedib.
Sabah Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı dövlətlərin - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü olacaq.
Rusiyanın diplomatik nümayəndəsi Mariya Zaxarovanın brifinqdə verdiyi məlumata görə, bu tədbir 2022-ci ilin iyununda Aşqabadda altıncı Xəzər sammitində razılaşdırılmış mandat çərçivəsində yeni müntəzəm nazirlər dialoquna start verir.
Diplomat həmçinin qeyd edib ki, görüş zamanı “Xəzər əməkdaşlığının inkişafı üçün prioritetlər vurğulanmaqla, qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin” nəzərdən keçirilməsi planlaşdırılır.
Zaxarova əlavə edib ki, bu formatda Nazirlər Şurasının iclası çərçivəsində Lavrov və onun həmkarları arasında bir sıra ikitərəfli görüşlər planlaşdırılır.
Yada salaq ki, bu görüşün təşkili məsələsi avqustun 12-də Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan səfirləri tərəfindən müzakirə olunub. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, "Xəzər regionunda çoxşaxəli əməkdaşlığın geniş spektri üzrə maraqlı fikir mübadiləsi aparılıb. "Beşlik” formatında qarşılıqlı fəaliyyətin artırılması üzrə gələcək addımlar, o cümlədən görüşə hazırlıq müzakirə edilib. Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçiriləcək görüşü.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.