Ermənistanda 20 il azadlıqdan məhrum edilən azərbaycanlı hərbçi Hüseyn Axundovun cəzası ömürlük həbslə əvəz edilib. Bu barədə Ermənistanın “Pastinfo” qəzeti yazır.
Qəzetin yazdığına görə, Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi Hüseyn Axundov tərəfindən öldürüldüyü iddia edilən Zəngəzur mis-molibden zavodunun mühafizəçisinin hüquqi varislərinin şikayətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi Axundovun ömürlük azadlıqdan məhrum edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarının yenidən nəzərdən keçirilməsi vəsatəti ilə apellyasiya şikayəti verib. Müdafiəçinin sözlərinə görə, 20 il azadlıqdan məhrum etməni nəzərdə tutan cəza ağırlaşdırıcı hallar nəzərə alınmadan təyin edilib.
Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçuları Aqşin Bəbirov və Hüseyn Axundov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Ermənistanla şərti sərhəddə yerləşən Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraiti ilə əlaqədar görüntünün məhdudlaşdırılması səbəbindən itkin düşüblər.
Daha sonra erməni tərəfi etiraf edib ki, Azərbaycan hərbçiləri onların yanında olub. Onlardan birinə qarşı pis rəftarın foto və videoları da yayımlanıb.
Mayın 8-də Ermənistanda məhkəmə Aqşin Bəbirovu 11 il 6 ay, daha sonra, iyunun 21-də Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.