“Tarixən istənilən münaqişə və müharibə vəziyyəti tərəflər arasında sülhün imzalanması ilə başa çatıb. Ona görə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq”. Bu fikirləri AzadMedia.az-a açıqlamasında millət vəkili, politoloq Elşad Mirbəşiroğlu bildirdi.
Politoloq sülh müqaviləsindən danışarkən bəzi məqamları da qeyd etdi:
“Bunlardan biri Ermənistan Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini səsləndirmir. Paşinyan bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Bu ilin 5 oktybarında Qranada görüşündə Azərbaycanın iştirakı olmadan sənəd imzalayıb və o sənəddə də Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıb. Amma Ermənistan Azərbaycanın iştirakı olmadan imzalanan sənədə şübhə ilə yanaşacaq. Azərbaycan prezidenti İ.Əliyev də bunun doğru olmadığını səsləndirdi. Necə ola bilər ki Azərbaycanın iştirakı olmadan müzakirələr aparılır və hansısa sənəd imzalanır.Bu da doğru yanaşma deyil”
Millət vəkili Ermənistanın başqalarının fikirləri ilə həkərət etdiyini də vurğuladı:
“Bu da onu göstərir ki Azərbaycana qarşı siyasi təxribatlar davam edir və Azərbaycanı hansısa cəbhəyə cəlb etməyə çalışırlar. Bu cəbhə isə Azərbaycanla Ermənistan arasında sülh prosesini əngəlləyən proseslərdən biridir. Aydındır ki, iki ölkə arasında tənzimlənməli olan məsələni qərb dairələri öz maraq dairələrinin bir hissəsinə çeviriblər. Ermənistan ABŞ-nin Cənubi Qafqaz regionu ilə bağlı planlarının həyata keçirilməninin bir hissəsinə çevrilməkdədir. Görünən odur ki, ABŞ Ermənistana hərtərəfli dəstək vermək niyyətindədir. Bu da o anlama gəlir ki, Ermənistan Azərbaycana qarşı çıxış etmək istəyəcəksə, əsassız ittihamlar irəli sürəcəksə (hansı ki sürməkdədir-red) ABŞ bunu dəstəkləyəcək. Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləyən amillərdən biri də bu prosesin geosiyasi qarşıdurmanın predmetinə çevrilməkdədir. Əgər Ermənistan müstəqil siyasət yürüdə bilərsə, Azərbaycana qarşı əsassız iddialardan imtina edərsə və Azərbaycanın regionda yeni əməkdaşlıq təşəbbüslərinə müsbət reaksiya verərsə, hesab edirəm ki, sülh müqaviləsi imzalana bilər. Görünür, Ermənistan hələlik bunlara hazır deyil. Azərbaycan prezidenti isə öz iradəsi ilə sülh gündəliyini irəli aparır”.
Xəlil Xəlilov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.