Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərində müəyyən geriləmə var. Sputnik xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yunanıstanlı həmkarı Giorgos Gerapetritislə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Bəli, deyərdim ki, biz Azərbaycanın təkliflərində mətnin müəyyən bəndləri üzrə məzmun baxımından müəyyən geriləmə, eyni zamanda bir sıra digər sahələrdə müəyyən irəliləyiş görürük”, - Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan bu məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib. Nazir əlavə edib ki, növbəti təkliflər paketində irəliləyiş və ya geriləmədən asılı olmayaraq, sülh müqaviləsi Yerevanın dəfələrlə səsləndirdiyi bir sıra prinsiplərə əsaslanmalıdır.
"Ölkələr heç bir qeyri-müəyyənlik olmadan qarşılıqlı ərazi bütövlüyünü tanımalıdır. Bu, maksimum aydınlıq tələb olunan məsələdir. Və yekun sülh müqaviləsi bu aydınlığı təmin etməlidir", - Mirzoyan bildirib.
Mirzoyan qeyd edib ki, delimitasiya prosesi illər çəkə bilər, lakin sülh müqaviləsində proses üçün aydın əsaslar göstərilməlidir. Onun sözlərinə görə, bu iki məsələdə hər hansı qeyri-müəyyənlik gələcək təcavüz və eskalasiya üçün əsas ola bilər.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, yanvarın 4-də Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflərini Azərbaycana çatdırıb. Dekabrın sonunda Azərbaycandan təkliflər paketi daxil olub və iki həftə ərzində Ermənistan tərəfi öz sənədini göndərib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.