Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin AzadMedia.az-a müsahibəsi
- Cənab səfir, hazırda Azərbaycan-İndoneziya arasında ikitərəfli münasibətlər hansı səviyyədədir? Nəzərə alsaq ki, artıq Azərbaycan suverenliyini tam olaraq bərpa edib. Deməli, iki ölkə arasında yeniliklərin olması da istisna deyil. İlk növbədə xatırlatmaq istərdim ki, 2022-ci ildə Azərbaycan ilə İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi qeyd olunmuş, bu münasibətlə Prezidentlər və xarici işlər nazirləri səviyyəsində təbrik məktublarının mübadiləsi baş tutmuşdur. Ötən dövr ərzində ikitərəfli münasibətlərimiz daha da inkişaf edərək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda möhkəm dostluq münasibətlərinə çevrilmişdir. Onu da qeyd edim ki, II Qarabağ müharibəsi zamanı İndoneziya tərəfi ölkəmizin haqlı mövqeyini dəstəkləməklə, bir daha Azərbaycanın yanında olduğunu göstərmiş oldu. Bu da öz növbəsində, ərazi bütövlüyümüzün bərpasından sonra münasibətlərimizdə yeni mərhələnin başlanmasına təkan verdi. Belə ki, 30 illik çərçivəsində iki ölkənin XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilmiş, habelə keçən il bir neçə qurum arasında birbaşa təmaslar qurulmuş, iki ölkə arasında müxtəlif səviyyələrdə səfərlər baş tutmuşdur. Bu xüsusda, 2023-cü ilin oktyabr ayında İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar naziri Abdullah Azvar Anasın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə etdiyi səfəri qeyd etmək yerinə düşərdi. Əlavə edim ki, 2017-ci ildə İndoneziyanın müvafiq qurumu ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanmış və hal-hazırda İndoneziyada “ASAN xidmət” modeli əsasında 152 xidmət mərkəzi fəaliyyət göstərir.
- İndoneziya o dövlətlərdəndir ki, hər zaman Azərbaycanın yanında olub və Ermənistanın işğalçılıq siyasətini pisləyib. Azərbaycan 30 illik işğala son qoyub və ərazi bütövlüyünü və suverenliyini tam olaraq bərpa edib. Bu gün İndoneziyadan ölkəmiz necə görünür?Sizin də qeyd etdiyimiz kimi İndoneziya daim Azərbaycana dəstək verməklə, onun yanında olduğunu nümayiş etdirmişdir. Bu xüsusda, regional və beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini dəstəkləyən İndoneziyanın, Cənubi Qafqaz regionunda Səfirliyi hazırda yalnız Azərbaycanda mövcuddur. Qeyd edim ki, iqtisadi inkişaf tempinə görə dünyada 16-cı yerdə qərarlaşan İndoneziya ölkəmizlə olan məsafəyə baxmayaraq, ikitərəfli əlaqələrin müxtəlif sahələr, xüsusən də iqtisadi-ticari sahə üzrə inkişafında maraqlıdır. İki ölkə arasında enerji əməkdaşlığına dair imzalanmış Anlaşma Memorandumundan sonra ticarət dövriyyəsi əvvəlki illərə nisbətən kifayət qədər artmışdır. Belə ki, İndoneziyanın Ticarət Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 884 milyon ABŞ dolları təşkil etmişdir. İndoneziya Azərbaycandan neft məhsulları, Azərbaycan İndoneziyadan isə palma yağı və.s idxal edir.
- Cənab Səfir, bu gün İndoneziyada nə qədər azərbaycanlı yaşayır?İndoneziyada yaşayan Azərbaycan icması məhdud saydadır. Qeyri-rəsmi məlumatlara əsasən, hazırda ölkədə təxminən 10-a yaxın vətəndaşımız yaşamaqdadır.
- Fevralın 7-si ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçki prosesinə hazırlıq necə gedir?Bildiyiniz kimi, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, xarici ölkələrdə seçki məntəqələrinin yaradılması üçün seçici sayı (vətəndaşlar) 50-dən çox olmalıdır. Səfirliyin akkreditə olunduğu İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan vətəndaşlarımızın sayı kifayət qədər olmadığından, İndoneziyada məntəqə yaradılmamışdır.
- Ölkəmizin turizm imkanları böyükdür. Lakin İndoneziya bu sahədə daha böyük təcrübəyə malikdir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurun da turizm potensialı böyükdür. Bu barədə hər hansı fikir mübadiləsi aparılırmı?Qeyd etdiyiniz kimi hər iki ölkənin geniş turizm potensialı mövcuddur. Azərbaycan ərazi bütövlüyünün tam bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, bu sahədə də yeni inkişaf perspektivləri yaranmışdır. Xüsusən də İndoneziyanın təcrübəsindən yararlanmaq üçün daha geniş imkanlar ortaya çıxmış və bu istiqamətdə müvafiq işlər görülməkdədir.
Xəlil Xəlilov