Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 31 avqust 1994-cü il tarixində Bakı şəhərinin təhsil işçiləri ilə görüşü zamanı qeyd etmişdir ki, “müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.” Digər bir mühüm tədbirdə - Müstəqil Azərbaycan Respublikası Gənclərinin I Forumundakı nitqində Ulu Öndər xüsusi olaraq vurğulamışdır ki, “gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”
İkinci Qarabağ müharibəsində qəhrəman Silahlı Qüvvələrimizin sıralarında vuruşan igidlik və şücaət nümayiş etdirən gənc əskər va zabitlərimiz öz adlarını tarixə qızıl hərflərlə yazdılar. Böyük Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasında vətənpərvərlik ruhunda yetişən Azərbaycan gəncliyinin möhtəşəm payı var. Burada bir daha Ümummilli Liderin sözləri yada düşür: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti davamlı olaraq dövlətin əsas prioritetləri sırasında xüsusi yeri tutur. Ölkə Başçısının qeyd etdiyi kimi, “indiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar.”
Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır, gənc nəslin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və Azərbaycanın hərtəfəfli inkişafı üçün gənclərimiz əzəmətli layihələrin həyata keçirilməsində ön sırada gedirlər.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.