Azadmedia.az Birləşmiş Azərbaycan ukraynalıları icmasının
Sədri Tamilla Musayevanın MÜRACİƏTİNİ təqdim edir:
7 fevral 2024-cü il tarixi Azərbaycan Respublikasının tarixinə əbədi olaraq yazılacaq. Bu gün müstəqilliyimiz illərində ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində prezident seçkiləri keçirilir.
Bu, 44 günlük Vətən Müharibəsində parlaq və şəksiz qələbə qazanan Azərbaycan xalqının mərdliyi və mətanəti sayəsində mümkün olmuşdur. Biz azərbaycanlılar inanırdıq ki, tezliklə Xankəndinə, Şuşaya, Füzuliyə və ya Zəngilana qayıda biləcəyik. Və bizim inamımız, ən əsası isə - öz torpağımızda yaşamaq üçün qarşısıalınmaz və səmimi istəyimiz nəhayət ki, erməni işğalına son qoydu: Silahlı Qüvvələrimizin “dəmir yumruğu” nəhayət, Qarabağa Azərbaycan bayrağını geri qaytardı.
Ona görə də Azərbaycanda bugünkü seçkilər tarixidir: onlar azad və müstəqil dövlətdə keçirilir. Hər birimizin fəxrlə: “Biz bunu bacardıq. Özümüzə aid olanı geri aldıq. Biz yenidən birik və birləşdik” sözlərini deyə biləcəyi ölkədə keçirilir.
Bu gün biz çoxillik zəhmətimizin nəticələrini yekunlaşdırırıq. Hər bir azərbaycanlı bizim müqəddəs missiyamızı - öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün mümkün və mümkün olmayan hər şeyi etdi. Bütün bu müddət ərzində biz inanırdıq ki, o gün gələcək və biz evimizə - Qarabağa qayıdacağıq.... Və bu gün biz əminliklə: “Qarabağ Azərbaycandır” deyə bilirik.
Seçkilərimizi izləmək üçün 72 beynəlxalq təşkilatdan, 89 dövlətdən 790 beynəlxalq müşahidəçi göndərən beynəlxalq ictimaiyyətin buna heç bir şübhəsi yoxdur.
Azərbaycanda keçirilən prezident seçkilərinin müşahidəsi prosesində Azərbaycanın dostluq və strateji tərəfdaşlıq əlaqələri qurduğu Ukraynadan da nümayəndələr iştirak edir.
Ukraynalılar azadlıq mübarizəmizin ilk günlərindən bizimlə çiyin-çiyinə dayandılar ki, biz azərbaycanlılar bunu heç vaxt unutmayacağıq. Deyirlər: dost dar gündə tanınır, həqiqi və səmimi dost sevincdə də tanınır. Məhz buna görə də əsl demokratiya bayramı olan belə əlamətdar gündə ukraynalılar bizimlə birlikdə sevinir, bu zəfər və qələbə dövrünü bizimlə yaşayırlar.
İnanıram ki, tezliklə Ukraynada da həmin tarixi gün gələcək, Ukraynanın Rusiya işğalından azad edilmiş şəhərlərində - Sevastopol, Donetsk, Luqansk, Mariupolda seçkilər keçiriləcək...
Bu gün Ukrayna da bir vaxtlar Azərbaycan kimi döyüş meydanında bu hüquq uğrunda mübarizə aparır. Belə bir mübarizənin bədəli çox yüksəkdir: minlərlə ölü və on minlərlə yaralı deməkdir. Rus işğalçıları bu cinayətə görə ədalətli cəza çəkməlidir. Bu, insanları insan edən bütün dəyərlərə qarşı gedən müharibədir. Amma biz əminik: Rusiya terrora görə cəzalandırılacaq. Yalnız bu, müharibənin başqa ölkələrə sıçramayacağına zəmanət verir.
Beləliklə, biz Ukraynanı dəstəkləməyə davam edirik. İnanırıq ki, çox yaxında biz azərbaycanlılar Ukrayna xalqının rus işğalçısına qarşı azadlıq müharibəsində danılmaz və inamlı qələbəsi fonunda Ukraynada keçiriləcək seçkiləri müşahidə etməkdə iştirak edə biləcəyik.
Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!
Tamilla MUSAYEVA
Birləşmiş Azərbaycan ukraynalıları icmasının
Sədri