Ermənistan və Avropa İttifaqı nümayəndələrinin növbəti görüşü gələn həftə Brüsseldə baş tutacaq. Aİ-Ermənistan Şurası iclasda İrəvanla birlik arasında Tərəfdaşlıq Sazişinin icrası prosesini müzakirə edəcək.
Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının yeni, artıq beşinci iclası Avropa Şurası tərəfindən elan edilib. O, fevralın 13-də Brüsseldə keçiriləcək.
Ermənistan nümayəndə heyətinə xarici işlər naziri Ararat Mirzoyan, tərəfdaşlıq şurasına Avropa diplomatiyasının rəhbəri Josep Borrell rəhbərlik edəcək.
Gündəliyə Aİ-Ermənistan Tərəfdaşlıq Sazişinin icrası ilə bağlı vəziyyət və onun genişləndirilməsi perspektivləri daxil ediləcək.
Tərəflər həmçinin demokratiya, ticarət-iqtisadi əməkdaşlıq, miqrasiya problemi sahəsində dialoq və islahatları müzakirə edəcəklər. Viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqun başlanması ayrıca mövzu olacaq. Bundan əlavə, regionda baş verən proseslər, təhlükəsizlik sferası kimi məsələlər qaldırılacaq.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Avropa İttifaqının Cənubi Qafqaza yaxınlaşdığını bildirmişdi. Nikol Paşinyan xatırladıb ki, Ermənistanın dörd qonşusundan ikisi Aİ üzvlüyünə namizəd statusuna malikdir, ona görə də Avropa İttifaqı artıq əvvəlki kimi regiondan uzaq deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.