Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in keçmişin yadigarları olan bir sıra mexanizmlərinin ləğvini zəruri hesab edir.
Dövlət başçısının saytının məlumatına görə, bunu Əliyev cümə günü Münhendə ATƏT-in hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borqla görüşündə deyib.
“Azərbaycan Prezidenti bəyan edib ki, ATƏT çərçivəsində keçmişin yadigarları olan bir sıra mexanizmlərin, o cümlədən ATƏT-in Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT sədrinin şəxsi nümayəndəsinin rəsmən ləğv edilməsi vacibdir.”, - məlumatda deyilir.
Dövlət başçısı onu da vurğulayıb ki, ATƏT çərçivəsində büdcənin daha məqsədəuyğun və mühüm layihələrə yönəldilməsi vacibdir.
Əliyev həmçinin qeyd edib ki, Qarabağ münaqişəsi artıq həll olunub, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin edib, Ermənistanla münasibətlərin normallaşmasına gəlincə, bu proses ikitərəfli xarakter daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.