2024-cü il 21-23 fevral tarixlərində Bakı şəhərində Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyası keçiriləcək. Plenar Sessiya çərçivəsində təşkilatın İcraedici Şurasının iclası, Plenar İclas, daimi komitələrin iclasları baş tutacaq. APA-nın İcraedici Şurasının iclası 21 fevral tarixində keçiriləcək və iclasa Türkiyənin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önən sədrlik edəcək.
Asiya Parlament Assambleyasının azərbaycanlı rəhbəri Əminə Ağazadə AzadMedia.az-a açıqlamasında iclas barədə danışıb.
Onun sözlərinə görə, iclasın Azərbaycana keçməsi sabah elan olunacaq:
“Fevralın 22-də Asiya Parlament Assambleyasının açılış mərasimində təşkilatda sədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycana keçəcək. Xatırlatmaq istərdim ki, 2023-cü il 26-29 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində APA-nın İcraedici Şurasının iclasında Azərbaycan konsensus vasitəsilə iki il müddətinə Asiya Parlament Assambleyasının sədri seçilib”Əminə Ağazadə APA-nın 14-cü Plenar Sessiyasında 26 ölkə və 8 beynəlxalq təşkilatın təmsil olunduğunu bildirdi:
“10 ölkənin nümayəndə heyətinə Parlament sədrləri rəhbərlik edirlər. Bunlar Azərbaycan, Türkiyə, Bəhreyn, Maldiv, Oman, Səudiyyə Ərəbistanı, Şri Lanka, Tacikistan, Tailand, İraqdır.
İştirak edən ölkələrə gəlincə, bu dəyişə də bilər. İştirak edən təşkilatlar: Əl Qüds naminə Parlamentarilər Liqası, Beynəlxalq Parlamentarilər Konqresi, Ərəb PAİ, Ərəb Parlamenti, TürkPA, Ərəb Parlamenti Baş Katiblərinin Assosiasiyası, MDB PA, QHPŞ.
Asiya Parlament Assambleyasının iclaslarında Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri kimi mən, nümayəndə heyətinin üzvləri deputatlar İlham Məmmədov, Aydın Hüseynov, Anar Məmmədov və digər deputatlar iştirak edəcəklər”.
Qeyd edək ki, APA-nın 14-cü Plenar Sessiyası çərçivəsində iştirakçılar tərəfindən ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Xəlil Xəlilov