İrəvan Ermənistan tərəfinin sülh müqaviləsi ilə bağlı təkliflərinə Bakıdan cavab alıb. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin ildönümünə həsr olunmuş tədbirdən sonra media nümayəndələrinə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq. Hazırda tarixlər müzakirə olunur, lakin tarix, yer və format barədə dəqiq məlumat yoxdur.
Qriqoryan həmçinin bildirib ki, Azərbaycan və Ermənistan iki ölkə liderlərinin yeni görüşünün təşkili üzərində işləyirlər.
"Dövlət başçılarının görüşünün keçirilməsi ilə bağlı müzakirələr gedir. Yekun qərar yoxdur. Biz işləyirik, yekun razılıq əldə olunanda sizə məlumat verəcəyik", - Armen Qriqoryan bildirib.
Yada salaq ki, Azərbaycan prezidenti və Ermənistanın baş naziri fevralın 18-də Münhendə Almaniya kansleri Olaf Şolzun iştirakı ilə görüşüblər. Onun yekunlarından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətninin, habelə sərhədlərin delimitasiyası üzrə komissiyalarının müzakirəsi üçün görüşünün keçiriləcəyi açıqlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.