Azərbaycanın Koreya Respublikasındakı səfirliyi Koreya-Azərbaycan Mədəniyyət Mərkəzi və Koreyanın “FarmConnect” şirkəti ilə birlikdə Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinə məxsus İncəsənət zalında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş simpozium təşkil edib.
Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşlarının, Koreyanın mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələrinin, media təmsilçilərinin və Azərbaycan diasporunun üzvlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Azərbaycan səfiri Ramin Həsənov Xocalı soyqırımının təfərrüatları, bu faciənin siyasi və hüquqi mahiyyəti və ümumilikdə, Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi çoxsaylı cinayətlər barədə məlumat verib. O, Xocalı cəlladlarının ədalət mühakiməsinə cəlb olunacaqlarına əminliyini bildirib, bu xüsusda Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş anti-terror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini diqqətə çatdırıb. Səfir vurğulayıb ki, dünya ölkələri Xocalı cinayətinin pislənilməsi və cinayətkarların məsuliyyətə cəlb edilməsində həmrəylik nümayiş etdirməlidir. O, Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının uğurlarına toxunub.
Ramin Həsənov post-münaqişə dövrünə aid məsələlər, Azərbaycanın sülh gündəliyi, Emrənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün göstərilən səylər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Bu xüsusda vurğulayıb ki, Azərbaycan işğala məruz qalan tərəf olsa da, münaqişənin bitməsindən az sonra ilk olaraq Ermənistana sülh müqaviləsinin imzalanması üçün təkliflərini təqdim edib. Diplomat tərəflər arasında etimad quruculuğu tədbirləri, o cümlədən ötən ilin dekabr ayında əldə edilmiş razılaşmaları qeyd edib.
Səfir işğaldan azad olunmuş torpaqlarda aparılan yenidənqurma işləri, eləcə də bunun üçün ən böyük maneə olan mina problemindən bəhs edib.
İşğaldan azad olunmuş torpaqların “yaşıl zona” elan edildiyini diqqətə çatdıran diplomat, bununla bağlı həyata keçirilən və planlaşdırılan “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji layihələri barədə məlumat verib. Həmin layihələrdə böyük təcrübəyə və yüksək texnologiyalara malik olan Koreya Respublikası ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Azərbaycan səfiri eyni zamanda ölkənin xarici siyasət gündəliyinə daxil olan digər məsələlər, o cümlədən Azərbaycanın cari ildə nüfuzlu COP29 tədbirinə evsahibliyi etməyə hazırlaşması barədə məlumat verib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin COP29 tədbirinin qlobal iqlim mühafizəsi sahəsində uğur hekayəsi yaratması üçün ölkəmizin səylərini əsirgəməyəcəyini bildirməsini diqqətə çatdırıb.
Yonqsan bələdiyyəsinin baş direktoru Kvoon Yoon Qu simpozium iştirakçılarını təmsil etdiyi qurumun adından salamlayıb və Azərbaycanla uzun müddətdən bəri formalaşmış konstruktiv əməkdaşlıqdan bəhs edib.
Giriş nitqlərindən sonra nüfuzlu koreyalı jurnalist və televiziya aparıcısı Baek İl Honqun aparıcılığı ilə panel müzakirəsi keçirilib.
Koreyanın Hankuk Regionşünaslıq Universitetinin professoru, politoloq Rövşən İbrahimov Xocalı soyqırımı və dünyada baş vermiş oxşar qətliamlar arasında paralellər aparıb, xalqların bu kimi insanlıq əleyhinə cinayətlərə qarşı birgə mübarizə aparmalarının əhəmiyyətini vurğulayıb. O həmçinin regionda davamlı sülhün əldə olunması perspektivlərindən bəhs edib, Koreya Respublikasının buna verə biləcəyi potensial töhfələri qeyd edib.
Hanyanq Universitinin professoru, mədəni antropologiya üzrə mütəxəssis Hi Soo Li Azərbaycan və Koreya xalqlarının əlaqələrinin tarixi kökləri və müasir dövrünü təhlil edib. Koreyalı professor orta əsr Azərbaycan alimlərinin işlərinin Koreyada əks-sədasına dair maraqlı məlumatları bölüşüb.
Seul Milli Universitetinin Arxeologiya və incəsənət tarixi kafedrasının professoru Cong İl Kim azərbaycanlı arxeoloqlarla birlikdə Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri və Qarabağ bölgəsinin Füzuli rayonunda apardığı arxeoloji qazıntılardan danışıb. O, işğaldan azad edilən ərazilərdəki mina probleminin arxeoloji araşdırmalara da yaratdığı təhlükələrdən bəhs edib. Koreyalı alim vurğulayıb ki, Füzulidə aparılan arxeoloji qazıntılar Azərbaycanın Qarabağ bölgəsinin bəşəriyyətin ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Koreya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Soo Hunq Li Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra Cənubi Koreya ilə sıx əlaqələrin yaranmasında Prezident İlham Əliyevin rolunu vurğulayıb. O, iki ölkə arasında təhsil, mədəniyyət və turizm mübadiləsi barədə ətraflı məlumat verib. Soo Hunq Li Azərbaycanda olduğu müddətdə Xocalıda baş verən faciə haqqında eşitdiyini və buna kədərləndiyini bildirib.
Türkiyənin Seuldakı səfiri Murat Tamer Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı dövründə Qərb dövlətlərinin bu işğalın bitməsi və işğalçının cəzalandırılması üçün əməli iş görmədiklərini, bunun da ikili standartların göstəricisi olduğunu deyib.
Koreyada yaşayan gənc azərbaycanlı, “Seul şəhərinin fəxri vətəndaşı” adınının daşıyıcısı, Azərbaycanın Qubadlı rayonundan məcburi köçkün düşmüş Rahil Əhmədova yaşadığı çətinliklərdən danışıb. Bildirib ki, köçkünlük həyatı onu ruhdan salmayıb, əksinə, daha yaxşı dünya naminə mübarizə aparmaq əzmi yaradıb. Rahil Əhmədova hazırda bu amalına Koreyada yaşayan əcnəbi ailələrin inteqrasiyasına yardım etməklə xidmət etdiyini bildirib.