Milli Məclisin deputatı Ceyhun MəmmədovBildiyimiz kimi cənab Prezident Xankəndidə Novruz tonqalını alovlandırdı və oradan Azərbaycan xalqını təbrik etdi. Suverenliyi bərpa olunmuş Azərbaycanda ilk dəfə olaraq bayram tonqalı qalandı. Ümumilikdə isə azad olunan torpaqlarımızda artıq 4-cü dəfədir ki, biz bayram tonqalının qalandığının sevincini yaşayırıq. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalandı.
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra özümüzü qürurlu hiss edirik. Fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünü tamamilə təmin etmişdir.
Cənab Prezident Xankəndidə xalqı təbrik etməklə yanaşı bir sıra məqamlara da toxundu. Onun da qeyd etdiyi kimi, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Azərbaycan başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur olsun torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan bu işğala son qoydu. Biz bu 3 ildən artıq bir dövrdə çox sürətli proseslərin getdiyinin şahidi olduq. Sərhəddə Azərbaycan sərhəd qoşunu yerləşdirildi, o cümlədən Laçında və digər bu kimi addımlar.
Ötən il heç birimizin ağlımıza gəlməzdi ki, ümumiyyətlə Xankəndi bizim olacaq, Azərbaycan Prezidenti Xankəndidə səs verəcək, orada tonqal qalayacayıq.
Bu gün isə işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq.
Xankəndi şəhərinin əsas meydanı artıq “Zəfər meydanı” adlandırılır. Şuşada separatçıların qondarma ikinci parlament binasının yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir.
Ermənistan bu hadisələrdən ciddi nəticə çıxarmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz heç zaman olmadığı qədər sülhə yaxınıq. Bu o deməkdir ki, bizim sülh müqaviləsi imzalamaq imkanımız var. Ermənistan əgər nəticə çıxarmasa problemləri yaşamaqda davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.