Rusiyadakı tiraniya İŞİD-dən daha təhlükəlidir. Azadmedia az yazır ki, bu sözləri tanınmış politoloq Şahin Cəfərli sosial media hesabında bildirib. Şahin Cəfərli yazır:
"Moskvadakı terrorda dövlətin barmağı yoxdursa, bu hadisə Rusiya təhlükəsizlik sisteminin iflası deməkdir və diktator üçün də reputasiya itkisidir.
Əvvəla, ölkə içərisində hazırlanan böyük terror aktından qabaqcadan xəbər tuta bilməmələri daxili kəşfiyyat və təhlükəsizliyə cavabdeh olan FSB-nin qeyri-peşəkarlığını göstərir;
İkincisi, ABŞ-ın öncə Moskvadakı vətəndaşlarına xəbərdarlıq edib, sonra Rusiya dövlətini məlumatlandırdığı halda belə, terrorun qarşısının alına bilməməsi qeyri-peşəkarlığa daha bir nümunə olmaqla yanaşı, həm də Rusiya dövləti üçün biabırçılıqdır;
Üçüncüsü, ABŞ tərəfindən müvafiq məlumat verilməsinə rəğmən, FSB Kollegiyasında bunu provokasiya və şantaj adlandıran Putin çoxlu sayda vətəndaşın ölümü ilə nəticələnmiş bu hadisəyə görə bilavasitə cinayət məsuliyyəti daşıyır;
Dördüncüsü, ABŞ-ın terror barədə Rusiyanı qabaqcadan xəbərdar etməsi cinayətkar rejimin illərdir apardığı “ABŞ və Qərb bizə düşməndir, Rusiyanı məhv etmək istəyirlər” təbliğatını da boşa çıxarır. Əksinə, ABŞ və Qərb Putin rejimindən daha çox Rusiyanın qeydinə qalır, onu qorumağa çalışır. Ukraynaya yardımın sərt şəkildə limitləndirilməsi, hətta müəyyən müddət dayandırılması da məhz bununla əlaqədardır ki, ABŞ Rusiyanın mümkün məğlubiyyətinin bu ölkənin daxilində proqnozlaşdırılmayan, qarşısıalınmaz proseslərə, xaosa səbəb ola biləcəyindən qorxur. Ona görə də Bayden hökuməti Ukrayna məsələsində heç bir tərəfin qəti məğlubiyyətinə səbəb olmayacaq, eskalasiyanın dərəcəsinin daha da yüksəlməyəcəyi “kontrollu müharibə” anlayışı əsasında hərəkət edir.
Son olaraq, Rusiyadakı tiraniya İŞİD-dən daha təhlükəlidir...".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.