Martın 30-da Ədliyyə Nazirliyində icra xidmətinin yerli qurumlarının rəhbərləri ilə müşavirə keçirilib.
Çıxış edən ədliyyə naziri Fərid Əhmədov ədalət mühakiməsinin həyata keçirilməsində və vətəndaşların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının əhəmiyyətini qeyd edib, icra işinin yeni tələblərə uyğun təkmilləşdirilməsi ilə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırıb, bu istiqamətdə görülən tədbirlər, o cümlədən icra məmurlarının sosial təminatının yaxşılaşdırılması ilə bağlı işlər barədə məlumat verib.
Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi tədbirdə dövlət başçısının tapşırıqlarına uyğun olaraq icra orqanlarının fəaliyyətində operativliyin və şəffaflığın təmin olunması məqsədilə rəqəmsal innovasiyaların, o cümlədən “Elektron icra” informasiya sisteminin tam tətbiqi ilə bağlı məsələlər müzakirə olunub, onun yeni versiyasının hazırlandığı bildirilib.
İclasda icra məmurlarının məsuliyyət hissinin və peşəkarlığının artırılması, onlara tələbkarlığın və nəzarətin gücləndirilməsi, qanunvericiliyin tələblərinə, əmək və icra intizamına, etik davranış qaydalarına əməl olunması, vətəndaş məmnunluğunun yüksəldilməsi və s. ilə bağlı konkret tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.