Türkmənistan Baş prokurorunun müavini Rəhim Atayevin rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvətilə Bakıda keçirilən Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşündə iştirak etmək üçün ölkəmizə işgüzar səfərə gəlib.
Baş Prokurorluqda keçirilmiş ikitərəfli görüşdə qonağı səmimi salamlayan Kamran Əliyev Türkmənistanın Azərbaycan üçün yaxın dost ölkə olduğunu qeyd edərək dövlət başçılarının səyləri nəticəsində dövlətlərarası münasibətlərin bütün sahələrdə, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb.
Baş prokuror hər iki ölkənin beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Kamran Əliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, dövlət başçısının və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.
Səmimi qəbula görə təşəkkürünü ifadə edən Rəhim Atayev ölkəsinin prokurorluq orqanlarının Azərbaycan Respublikasının prokurorluq orqanları ilə əməkdaşlığa daim önəm verdiyini, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Baş prokurorun müavini Xəzəryanı dövlətlərin baş prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşünün uğurlu keçməsini vurğulayaraq, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.
Görüşdə Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov da iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.