Türkiyədəki seçkilər AKP iqtidarının məğlubiyyəti ilə yadda qalmasına baxmayaraq, müxalifət üçün tam bir qalibiyyət deyə bilmirik. Çünki, seçkinin nəticələrini xalqın gedib CHP səs verməsi yox, getməyib AKP səs verməməsi müəyyən etdi.
Azadmedia.az xəbər verir ki, bu sözləri hüquqşünas Sübhan Həsənli Türkəyədəki seçkilərə münasibət bildirərkən deyib.
Seçkilərdə iştirak faizi də bunu təsdiq edir, - deyən hüquqşünasın sözlərinə görə, bu seçkidə türk xalqı çox ciddi mesaj verdi və bəlkə də, bu seçkinin ən böyük nəticəsi kimliklərə və ideologiyalara həbs olunmuş bir sistemi dərindən sarsdı. İnsanlar seçkini həm AKP dərs vermək həm də CHP şans vermək üçün istifadə etdi: "Çox qəribədir ki, bunu ustaca etdi. Misal üçün Anadoluda CHP verdiyi bələdiyyələrin bir hissəsində bələdiyyə məclisini yenə iqtidara verdi. Böyük şəhərlərin bir çoxunda bələdiyyə məclisində çoxluğu olmayan və bundan şikayət edən müxalifət partiyasına bələdiyyə məclislərini də verərək bir növ onların 2019-2024-cü illərdəki fəaliyyətini təqdir etmiş oldu. Əlbəttə ki, iqtisadi faktorlar əsas faktordur amma sadəcə iqtisadiyyatla açıqlana bilməyən faktorlar var və bunlardan bəzilərini yuxarıda bildirdim".
S.Həsənli Fatih Altaylının səsləndirdiyi fikri xatırladıb: " Fatih Altaylı çox yaxşı bir söz dedi. O dedi ki, bəlkə də seçkilərin belə bitməsi iqtidar üçün də yaxşı oldu. Çünki gənclər ümidini itirmiş və axın-axın avropaya gedir. Bu seçkidən sonra bir xeyli adamın ümidi özünə gəldi və Türkiyə insan qaynaqlarını bəlkə də az da olsa itirməyə bildi.
Bu çox önəmli faktordur. Azərbaycan üçün də bu məsələni həmişə vurğulamağa çalışıram. Xüsusən ölkədə baş verən son həbslər və son 1 ildə gəlinən vəziyyətdə inanılmaz dərəcədə çox adamın ölkədən getdiyinə şahid oldum və oluram. Türkiyə seçkisi göstərir ki, insanların yaxud müxalif kəsimin iqtidardan istədiyi sən get mən idarə edim deyil. Məni də adam yerinə qoy deyirlər. İnsanları "filan yerin adamı" "müxalif" "müxalifətçi" və.s etiketlərlə adlandırıb onları marjinallaşdırmaq, küsdürmək bu ölkəyə heçnə verən deyil. Bu işin maksimumu həbs edib fərdlərə fərdi trajediya yaşatmaq olacaq. Amma ölkə olaraq qazanacağımız yekə bir 0. Bəzən görürəm medialar paylaşır və xaricdə oxumağa gedən uğur qazanan insanlara sevinirik amma belə davam eləsə, o adamların heç biri ölkəyə qayıdan deyil. Biz 10 milyon olsaq da, çox güclü insan potensialımız, yaradıcılığımız və ən əsası motivasiyamız var. Bu ölkə sevgisini yaxşı istifadə edən və ölkəni inkşaf etdirən bir idarəetmə, fəlsəfə lazımdır sadəcə. Bunu kim edə bilirsə, o da qazanacaq. Əks halda hamı itirəcək. Xüsusən getdikcə təbii resursların bitməsi fonunda bu daha aydın görünəcək. Ona görə də, hər kəsin düşünməsi və insanların azad formada öz fikirlərini ortaya qoya biləcək, bacarıqlarından istifadə edə biləcək bir mühitin yaradılmasına ehtiyac var. Buna hər kəsin hava su kimi ehtiyacı var. İnsan özünü ifadə edə bilməyəndə o ölkədən qırılıb gedir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.