Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də respublikanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb. Fərman hökumətin rəsmi qəzeti “Resmi Gazete”də dərc olunub.
Sənədin mətnində bildirilir ki, prezidentin fərmanına əsasən, Türkiyə Respublikası ilə CFE Müqaviləsinin iştirakçısı olan digər dövlətlər arasında müqavilənin icrasının 2024-cü il aprelin 8-dən dayandırılması qərara alınıb.
CFE Müqaviləsi 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış və Türkiyə hökuməti tərəfindən 1992-ci il iyulun 1-də ratifikasiya edilmişdir. Müqavilə 30 dövlətin silahlı qüvvələrinin adi silah və texnikasının beş əsas kateqoriyasının (döyüş tankları, zirehli döyüş maşınları, 100 mm çaplı artilleriya sistemləri, döyüş təyyarələri və hücum helikopterləri) sayını məhdudlaşdırır. O, məlumat mübadiləsini və yoxlamaları nəzərdə tutur.
Hökumətyönlü “Yeni Şafak” qəzetinin bu qərarla bağlı xatırladığı kimi, Rusiya 2023-cü ilin noyabrında CFE Müqaviləsindən çıxdı. Bundan sonra ABŞ və NATO müqavilə üzrə öhdəliklərini dayandırdıqlarını elan etdilər. Daha sonra Ankara NATO tərəfdaşlarının bu qərarından təəssüfləndiyini bildirib və onları CFE Müqaviləsinə qayıtmağa çağırıb. Türkiyənin hazırkı qərarı beynəlxalq gərginliyin artması səbəbindən verdiyi qeyd edilir.
Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən xəbər verir ki, Ankaranın fikrincə, saziş hazırkı şəraitdə öz mənasını itirib və ondan irəli gələn öhdəliklər əslində yerinə yetirilmir. Eyni zamanda qeyd edilir ki, müqavilə üzrə öhdəliklərin icrasının dayandırılması barədə qərar geri qaytarıla bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.