Ermənistanda yanacaq doldurma məntəqələrində (YDM) partlayışlar, yanğınlar adi məişət hadisəsi kimi qarşılanır. Başqa sözlə, cəmiyyət belə hadisələrə adət edir.
İyunun 6-da İrəvan-Göyçə avtomobil yolunun üstündəki maye qaz doldurma məntəqəsində partlayış belə mənşəli olayların daha dərindən araşdırılmasının vacibliyinə diqqət çəkir.
Ermənistan İstintaq Komitəsi bildirib ki, partlayış və yanğın nəticəsində 7 nəfər xəsarət alıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən texniki təhlükəsizlik, yaxud əməyin mühafizəsi qaydalarının və ya tələblərinin, ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan partlayıcı qurğuların mühafizəsi, yanan maddələrlə işləyərkən qaydaların və ya təhlükəsizlik tələblərinin pozulması və s. üzrə cinayət işi başlanıb.
Hadisənin səbəb və şəraiti araşdırılır. Partlayıcı qurğuların mühafizəsi üzrə araşdırma daha cəlbedicidir. Çünki buna riayət olunarsa xoşagəlməz və ya bədbəxt hadisələrin qarşısı alına, yaxud daha az fəsad verər. O da məlum olub ki, məntəqədə yalnız maye qaz deyil, həm də benzin satılırmış.
Bu müəssisənin operatoru “İrəvan Gas Oil” MMC-dir. Onun yeganə sahibi 41 yaşlı paytaxt sakini Rafael Ayvazyandır. Müəssisə Ayvazyanın ev ünvanına qeydiyyata alınıb. Bununla belə yanacaqdoldurma məntəqəsi Kotayk vilayətinin Arznı kəndi ərazisində yerləşir. 2021-ci ilin dekabrında qeydə alınan məntəqə 2023-cü ildən müxtəlif qadağalara məruz qalıb. İyunun 6-da həyata keçirilən həbsin əsas şərti dövlət büdcəsinə pul keçirilməsi tələbi ilə bağlı olub. Bu il mayın 24-də məhkəmə hakimi “Qaz oyl” şirkətini müflis elan edib, fevralda ekspertlərin müsbət rəyi olmadığı üçün onun fəaliyyəti dayandırılıb.
Şirkət 2023-cü ildə Dövlət Vergi Komitəsi tərəfindən iki dəfə cərimələnib.
Bu il fevralın 14-də bazara nəzarət müfəttişliyi “Qaz oyl”un yanacaq doldurma qaydalarını pozduğuna görə, məsuliyyətə cəlb edib. Həmin ay müəssisəni bir sıra qaydaları pozmağa görə cərimələyib və s.
Yeri gəlmişkən, Ermənistanda təbii qazın əsas paylayıcısı Rusiya “Qazprom”unun törəmə müəssisəsi “Qazprom Armenia” şirkətidir.
“Qaz oyl”un direktoru Rafael Ayvazyan isə jurnalistlərə bildirib ki, müəssisənin təhlükəsizlik məsələləri ilə bağlı problemi olmayıb, bütün sənədləşmə işləri qaydasındadır: “Mən onların kimin sifarişinin yerinə yetirdiklərini bilmirəm”.
Daha bir məsələyə diqqət edilməsi vacibdir. Rafael Ayvazyan kimdir? O iş adamı deyil, həm də milyarder sayılan iş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının üzvüdür. 2011-2012-ci illərdə İrəvan Ağsaqqallar Şurasının üzvü olub. 2012-2013-cü illərdə Milli Səhiyyə İnstitutu direktorunun baş müşaviri işləyib. Ayvazyan həm də Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyanın köməkçisidir. Nikol Paşinyan hakimiyyət gəldikdən sonra 2018-ci ilin dekabrında keçirilən növbədənkənar parlament seçkilərində üzv olduğu siyasi təşkilatdan ən reytinqli namizəd sayılırdı.
Bu baxımdan yanacaq doldurma məntəqəsindəki partlayışın adi texniki təhlükəsizlik məsələsi olmadığı ehtimalı üzə çıxır. Ermənistan KİV-də keşiş Baqrat Qalstanyanın “hərəkatında” iştirak edənlərə pul verildiyinə dair məlumat yayılıb. Bu xəbəri iyunun 5-də paylaşıblar. Hadisə isə iyunun 6-da olub. Tsarukyanın əvvəllərdə etiraz aksiyalarını maliyyələşdirdiyinə və seçiciləri şirnikləndirdiyinə dair iddialar irəli sürülürdü. Bu nüfuzlu iş adamı keçmiş prezident Serj Sarqsyanla çox yüksək səviyyədə əlaqəsi olub. Onu həm də Sarqsyanın adamı kimi tanıyıblar. Bundan başqa Tsarukyan Rusiya və Belarusun hakim dairələri ilə geniş əlaqələrə malik olub.
Ona görə, Ayvazyanın yanacaqdoldurma məntəqəsi partlayıb. Yanma hadisəsi ilə bağlı aşağıdakı ehtimalları irəli sürmək olar:
- Ermənistanda iqtidar-müxalifət münasibətinin nəticəsi;
- Hakimiyyətə qarşı aksiyaları dəstəkləyənlərə dərs;
- Ermənistandakı xaricdən dəstəklənən işgüzar dairələrə ismarış;
- “beşinci kolon”un maliyyə mənbəyinin kəsilməsi;
- Vergidən və dövlət büdcəsinə “yardım etməkdən” yayınanların qeyri-qanuni cəzalandırılması, onlara xəbərdarlıq və s.
Məsələni başqa tərəfi isə Ermənistanın təhlükəsizliyi ilə bağlıdır. Ümumiyyətlə bu ölkədə yanacaqdoldurma məntəqələrinə partlayışlar, yanğınlar tez-tez baş verir.
Bu baxımdan Ayvazyanın müəssisəsində baş verən hadisə rəsmi İrəvan üçün xəbərdarlıq da sayıla bilər. Çünki bu yolla xaos yaratmaq mümkündür. Odur ki, Ermənistan hakimiyyətinə bu yolla ismarışda göndərilə bilər.
Rusiya-Ukrayna müharibəsində yanacaq doldurma məntəqələri, neft emalı zavodları, istilik mərkəzləri və başqa bu kimi infrastrukturları bombalanır. Təkcə tələbatın ödənməməsi problemi yaranır, insanlar təhlükəsizlikləri təmin olunmadığından həmin əraziləri tərk edirlər. Bu isə hakimiyyət üçün çox ciddi problem yaradır.
Ayvazyanın yanacaq doldurma məntəqəsinin partlaması rəsmi İrəvana yeni təhlükə və təhdid mənbəyinin xəbərdarlığıdır. Odur ki, bu hadisə bütün hallarda Ermənistanın həm iqtidarı, həm də müxalifəti üçün siqnaldır. Ona görə də açar sual budur: partlayış niyə baş verib?(Report)