Milli Məclisin deputatı Ceyhun MəmmədovBildiyimiz kimi, iyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası Şurasının 13-cü iclası keçirildi və TÜRKPA-ya sədirliyin növbəti dəfə Türkiyədən Azərbaycana keçməsinə burada qərar verildi.
Azərbaycan Asambleyaya 2019-2021-ci illərdə rəhbərlik edib və Türk dünyasının birləşməsi üçün böyük səylər göstərib. Azərbaycan TÜRKPA-nın yradılmasında və ondan sonrakı fəaliyyətində çox aktiv fəaliyyət göstərib.Türk qardaşlarının bir araya gəlməsində, Türk dünyasının nüfuzunun qalxmasında böyük işlər görüb.
Hesab edirəm ki, TÜRKPA-ya sədirliyin Azərbaycana keçməsi xüsusi önəm və əhəmiyyət daşıyan məsələlərdən biridir. Azərbaycan Tütk dövlətləri ilə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə önəm verən dövlətlərdən biridir. Bu gün Türk Dövlətləri çərçivəsində öz əlaqələrini sürətlə inkişaf etdirir.
Müasir dövrdə qarşımızda duran ən mühüm vəzifələrdən biri türk dövlətləri arasında birliyi, həmrəyliyi və əməkdaşlığı daha da gücləndirməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu prosesə öz töhfəsini verir. Müasir dünyada baş verən böhran vəziyyətində bu əməkdaşlığın əhəmiyyəti özünü daha qabarıq büruzə verir.
Son illər ərzində Prezident İlham Əliyevin bu sahədə gördüyü işlər danılmazdır.
2020-ci ildə Vətən müharibəsi zamanı Türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Bu da Türk dövlətlərinin bir biri ilə əsl dost, qardaş olmalarının göstəricisidir. Hazırda azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərdən biridir. Azərbaycan dövlətinin xarici siyasətinin mühüm istiqamətlərindən biri türk dövlətləri ilə münasibətlərin yeni təməl üzərində qurulması oldu.
Heydər Əliyevin yürütdüyü ardıcıl, uğurlu beynəlxalq siyasi fəaliyyət nəticəsində 1994-cü ilin əvvəllərindən etibarən türk dövlətləri ilə münasibətlərdə əsaslı dönüş yaranmağa başladı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici ölkələrə ilk səfərlərindən biri 1994-cü ilin fevral ayında məhz Türkiyəyə oldu. O, Azərbaycan və türk xalqı arasında qədim zamanlardan bəri dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan bəhs edərək deyirdi: “Bizim ölkələrimiz dost və qardaş ölkələrdir. Xalqlarımızın birliyi, qardaşlığı və dostluğu əsrlərdən - əsrlərə keçərək formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır”.
Türk dövlətləri arasında xarici siyasətlə bərabər iqtisadi münasibətlər də genişlənir. Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu gün Türk dövlətləri böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir.
Qeyd etmək lazımdır ki, TÜRKPA 2008-ci ildə təsis edilib. Hazırda bu təşkilat dünyanın 179 ölkəsinin üzv olduğu parlamentlərarası ittifaqda İslam Əməkdaşlıq təşkilatının parlament ittifaqında, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında, Asiya Parlament Assambleyasında müşahidəçi statusa malikdir. Bütün bunlar TÜRKPA-nın nüfuzundan və nə qədər ciddi rola malik olduğundan xəbər verir.