AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu

  • + A
  • - A
  • 15-06-2024, 12:19

    Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu

    Milli Məclisin deputatı Ceyhun Məmmədov

    Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün Azərbaycan dövləti yaşadıqca millətin yaddaşında əbədi qalacaqdır. Müstəqilliyimizin bərpasından ötən illərə nəzər saldıqda bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız görkəmli tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Dahi şəxsiyyətlər nadir hallarda yetişir və özləri tarix yaradırlar. Azərbaycan xalqının böyük və dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev məhz tarix yaradan əvəzolunmaz şəxsiyyət idi. Müasir Azərbaycan tarixinin 34 illik bütöv bir epoxası, bu illərdə xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində inkişafı və dirçəlişi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir, müstəqil Azərbaycan dövlətinin qurulmasına və xalqımızın uzun illərdən bəri arzuladığı müstəqilliyinə çatmasına nail olmuşdur. Azərbaycanın bu gün müstəqil dövlət kimi mövcudluğu üçün Heydər Əliyevə borcluyuq.
    Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışı kimi tariximizə düşən bu gün ölkəmizin müstəqil bir dövlət kimi inkişafının başlanğıcı oldu.
    1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini ikinci dəfə qazanmış respublikamız 1993-cü ilin iyununa qədərki müddətdə böhran, xaos və anarxiya, çaxnaşmalarla qarşılaşmışdı, böhran son dərəcə kəskinləşmişdi. Belə bir ağır və çıxılmaz vəziyyətdə Azərbaycanın əsl xilaskara ehtiyacı vardı. Artıq hamıya aydın idi ki, nə o vaxtkı iqtidar, nə də o dövrdə hakimiyyətə iddialı olan müxtəlif qüvvələr ölkəni düşdüyü bu iflic vəziyyətdən çıxara bilməyəcək. Xalq öz fədakar oğlu Heydər Əliyevə müraciət etdi. Xalqımız yaxşı bilirdi ki, belə bir anda yalnız və yalnız Heydər Əliyev dühası milləti bu düşdüyü bəlalardan qurtara bilər. Xalq ayağa qalxdı və əldən getməkdə olan müstəqilliyinin nicatı üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Xalqın çağırışına, taleyinə heç vaxt biganə olmayan ulu öndərimiz 1993-cü il iyunun 9-da respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali Sovetin sədri seçildi. Heydər Əliyevin ölkə rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətdən xilas etdi. Ölkədə tüğyan edən hərc-mərclik, vətəndaş müharibəsi, qeyri-qanuni fəaliyyət göstərən silahlı dəstələr və digər xoşagəlməz mənfi amillərin qarşısının alınması üçün öz həyatını belə böyük təhlükə altına ataraq bu hallara qarşı kəskin mübarizəyə başladı və qısa bir zaman kəsiyində bu neqativ ünsürlərin, özbaşınalığın qarşısını birdəfəlik aldı, qanunsuz silahlı dəstələr tərk-silah edildi. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu. Bu, böyük ürəkli, cəsarətli Vətən oğlunun öz milləti, öz Vətəni qarşısındakı misilsiz fədakarlığı idi. Həmin tarixi dövr xalqımızın taleyində dönüş anı, itirilmiş inamının qaytarılması, anarxiyadan sabitliyə və inkişafa doğru yeni bir mərhələ oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoyuldu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı”.
    Heydər Əliyev öz şərəfli və möhtəşəm fəaliyyəti ilə müasir, müstəqil Azərbaycan dövlətini yaratdı. Azərbaycanı həmişə müstəqil, inkişaf etmiş dünya dövlətləri sırasında görmək istəyən Heydər Əliyev bu barədə demişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi milli sərvətlərimizdən ölkənin və xalqın mənafeyinə uyğun olaraq istifadə olunmasında ulu öndər Heydər Əliyevin neft strategiyası mühüm əhəmiyyət daşıyır.
    Ulu öndər hakimiyyətə qayıtdığı ilk gündən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Heydər Əliyev böyük siyasət ustadı olaraq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. 1995-ci ildən Azərbaycanda aparılmış hüquqi islahatlar respublikada sabitliyin və inkişafın təməl prinsiplərini müəyyənləşdirmişdir. Heydər Əliyev ölkəmizin gələcək inkişaf istiqamətlərindən danışarkən demişdir: “Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, bunu dəfələrlə bəyan etmişik. Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
    Dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri də özündən sonra onun iqtisadi-siyasi kursunu davam etdirə biləcək layiqli varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə deyə bilərik ki, dahi Heydər Əliyevin dediyi sözlər, cənab İlham Əliyevə bəslədiyi ümidlər özünü doğruldur. 2003-cü ildə böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ötən 17 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu qloballaşan dünyanın tələblərinə uyğun olaraq inam və ardıcıllıqla davam etdirir. Onun rəhbərliyi ilə Azərbaycan dünyada böyük nüfuza, iqtisadi gücə malik ölkə kimi tanınır. Ölkəmiz iqtisadi artım tempinə görə dünya ölkələri sırasında lider mövqedədir. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, — deyən cənab İlham Əliyev, doğrudan da, hər bir azərbaycanlının Prezidenti oldu. Prezident cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən vurğulayıb ki, Azərbaycanda Heydər Əliyev siyasi-iqtisadi inkişaf kursu davam etdiriləcək. Çünki bu kursa alternativ yoxdur, bu kurs yüksək inkişaf və tərəqqi yoludur. Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş uğurların miqyası olduqca böyükdür. Ötən 17 il ərzində İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrində davamlı islahatlar aparılmış, beynəlxalq aləmdə ölkəmizin nüfuz və hörməti artıb, sosial məsələlərə diqqət artırılıb, demokratik inkişaf yolu ilə gedən Azərbaycanda bütün azadlıqlar təmin olunub. Bu gün Azərbaycan xalqı öz taleyinin və milli sərvətinin sahibidir.
    Qeyd olunduğu kimi, bu gün Azərbaycanda bütün sahələrdə yüksək inkişafa nail olunub. Bunun təməlində isə xalq-iqtidar birliyi dayanır. Prezident seçkilərində xalqımızın böyük əksəriyyəti öz iradəsini nümayiş etdirərək Heydər Əliyev siyasətinə, onu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevə, bir sözlə, ölkənin sosial-iqtisadi inkişafına, quruculuğa və xalqımızın firavan gələcəyinə səs verdilər. Cənab Prezident andiçmə mərasimində qeyd etmişdir ki, xalq mənə inanır, məni dəstəkləyir və mən də öz növbəmdə xalqa verdiyim sözlərə əməl edirəm və bundan sonra da əməl edəcəyəm.
    Ulu öndərin siyasi kursunu uğurla davam etdirən, Vətənə layiqincə xidmət edəcəyəm deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz vədinə sadiq qalaraq ölkəmizin bütün sahələrdə uğurlu inkişafını təmin etdi. Bu gün Azərbaycan iqtisadi inkişafına görə dünyada lider dövlətlərdən biridir. Lakin cənab Prezidentin həyata keçirdiyi siyasi kursda ən əsas məsələ torpaqlarımızın erməni işğalından azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. O, həmişə qətiyyətlə bildirirdi ki, biz heç vaxt torpaqlarımızın işğalı ilə barışmayacağıq, torpağımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı həmişə bəyan edirdi ki, biz münaqişəni danışıqlar, sülh yolu ilə həll etmək istəyirik, ancaq Ermənistan danışıqlarda konstruktiv mövqe tutmasa biz bu məsələni hərbi yolla həll edəcəyik. Bunun üçün Azərbaycan güclü orduya və iqtisadi gücə malikdir. 30 ilə yaxın bir müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni vandalları ərazilərimizi əbədi işğal altında saxlamaq istəyirdi və hətta yeni ərazilər ələ keçirmək iddiasında idilər. 2020-ci il sentyabrın 27-də erməni silahlı qüvvələri Tovuz rayonu, dövlət sərhədində yeni ərazilər zəbt etmək məqsədilə növbəti təxribata əl atdılar. Bu təxribatın qarşısını Şanlı Ordumuz qətiyyətlə aldı və əks-hücum əməliyyatı keçirərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qazanılan bu şanlı qələbə Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə həkk olundu. Cənab Prezident İlham Əliyev bu barədə deyib ki, bizim Qələbəmiz tarixi Qələbədir: “Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni-Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
    Vətən müharibəsi parlaq qələbəmizlə başa çatdıqdan sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan mütəmadi olaraq, tez-tez işğaldan azad edilmiş ərazilərimizə səfərlər edir və bu səfərlər çox zəngin və əhatəlidir. Belə ki, azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə nəqliyyat infrastrukturunun yaradılmasıdır.
    Bu gün bütün sahələrdə əldə etdiyimiz uğurların əsasında ulu öndərin möhkəm təməlini qoyduğu iqtisadi-siyasi inkişaf strategiyası dayanır. Azərbaycana böyük uğurlar gətirən bu inkişaf, tərəqqi kursu bundan sonra da Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdiriləcək, Azərbaycan daha da çiçəklənəcək, ölkəmiz yeni-yeni uğurlara imza atacaq. Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR