AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahibə Qafarova deputatların müraciıtindən söz açdı

  • + A
  • - A
  • 21-06-2024, 12:04

    Sahibə Qafarova deputatların müraciıtindən söz açdı

    Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 21 iyun tarixli plenar iclasında çıxışını təqdim edirik:

    Hörmətli deputatlar!
    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi müasir dövrün ən dinamik inkişaf edən və beynəlxalq aləmdə xüsusi çəkisi olan dövlətlərindən birinə çevirmişdir. Azərbaycan dövlətinin başçısına xas olan müstəsna liderlik qabiliyyəti və yenilməz siyasi iradə, eyni zamanda, ölkədə mövcud olan güclü milli həmrəylik cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük uğurlara yol açmışdır.
    Xüsusən, qeyd edilməlidir ki, Azərbaycan dünya miqyaslı müxtəlif tədbirlərin keçirildiyi bir məkana çevrilmişdir. Paytaxt Bakı nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbirlərə uğurla ev sahibliyi edir. Və bu tədbirlərdən biri də bildiyiniz kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-dur. Bu tədbir noyabr ayında Azərbaycanda keçiriləcək. Ölkələrin təmsilçiliyi baxımından bu mötəbər beynəlxalq tədbir üçün Azərbaycanın ev sahibi seçilməsi bizim dövlətimizə növbəti dəfə göstərilən böyük etimad və hörmətin ifadəsi olmuşdur.
    Bununla birlikdə, hörmətli həmkarlar, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcək.
    Bu tədbirlər ilə əlaqədar bütün dünyanın diqqəti Bakıya yönələcək və şəhər on minlərcə xarici qonağı qəbul edəcək. Qlobal əhəmiyyətli bu toplantıların Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına imkan yaradacaq.
    Hörmətli həmkarlar!
    Bildiyiniz kimi, 2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilmişdir.
    Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq ötən dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılmışdır. Milli Məclis möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və əsaslı islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışmışdır.
    Hörmətli deputatlar!
    Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda, Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir.
    Beləliklə, ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai-siyasi həyatımızda böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin vaxtı noyabr ayına təsadüf edir. Qeyd etmək lazımdır ki, adını çəkdiyim beynəlxalq tədbirlərin və parlament seçkilərinin yüksək səviyyədə təşkil edilməsi dövlətimiz üçün ən böyük əhəmiyyətə malik olan məsələlərdir.
    Bununla birlikdə, hörmətli həmkarlar, COP29 Konfransının və digər tədbirlərin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının, ərazi bütövlüyümüzün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təmsil edilməsinin məqsədəuyğun olması da, düşünürəm ki, hamıya aydındır. Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli bu tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə, habelə normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradacaqdır.
    Digər tərəfdən, beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır.
    Bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması da dövlətin əsas vəzifələrindən biridir.
    Bütün bunları nəzərə alaraq, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri mənə müraciət etmişlər. Onlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş etmişlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR