Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 28 iyun tarixli plenar iclasında çıxışıHörmətli həmkarlar,
Həm bugünkü iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı. Mən indi bəzi fikirlərimi sizinlə bölüşmək istərdim.
Hörmətli həmkarlar,
Bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir.
Yaxşı məlumdur ki, Azərbaycan xalqı özünün zəngin parlamentarizm ənənələri ilə fəxr edə bilər.
Ölkəmizdə müasir peşəkar parlamentin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümummilli Liderimiz qanunvericilik orqanına 4 ay rəhbərlik etmiş, sonrakı dövrdə isə Milli Məclisə böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlamışdır.
Ulu Öndərin başladığı işləri əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr vermişdir. Azərbaycanda parlamentarizmin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilməlidir.
Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva parlamentin deputatları olduqları dövrdə Milli Məclisin peşəkarlıq səviyyəsinin yüksəlməsi naminə dəyərli işlər görmüşlər.
Mən Beynəlxalq parlamentarizm günü münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm, hər birinizə möhkəm can sağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətli həmkarlar, bildiyiniz kimi, iyulun 2-də Azərbaycan Polisi Günü qeyd ediləcək.
106 yaşlı Azərbaycan polisi, daxili işlər orqanları ölkəmizdə ictimai asayişin və qanunçuluğun qorunması sahəsində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu haqda hörmətli həmkarlarımız burada çıxış etdilər.
Bir çox polis əməkdaşları dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması naminə döyüşlərdə, xüsusən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmişlər.
Polis Günü münasibəti ilə biz Daxili İşlər Nazirliyinin şəxsi heyətini təbrik edirik, onlara məsul və çətin xidmətlərində yeni uğurlar arzulayırıq.
Hörmətli həmkarlar!
İndi isə mən sizə növbədənkənar sessiya barədə qısa bir hesabat vermək istəyirəm. Xatırladım ki, növbədənkənar sessiyamız iyunun 7-də başlamışdır. Yəni iyirmi bir gün davam edən bu sessiyada Milli Məclisin beş iclası keçirilmiş, otuz bir qanun və qərar qəbul edilmişdir.
Sessiyanın yekunları ilə bağlı bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bu dövrdə də layiqincə yerinə yetirməyə çalışmışdır.
Milli Məclisdə bu dövrdə bir ictimai dinləmə keçirilmişdir. Ailə, qadın və uşaq məsələləri komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə təşkil etdikləri dinləmədə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda müzakirələr aparılmışdır.
Hörmətli deputatlar!
Sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülmüşdür.
Milli Məclisin on dörd deputatı yeddi xarici ölkəyə on yeddi səfər həyata keçirmişdir.
Bir deputatımız Bolqarıstan Milli Assambleyasına növbədənkənar parlament seçkilərini, eləcə də Avropa Parlamentinə növbəti seçkiləri müşahidə etmişdir.
Səkkiz xarici ölkənin və on bir beynəlxalq təşkilatın nümayəndə heyətləri, ümumən doxsan altı nəfər xarici qonaq Milli Məclisdə qəbul edilmişdir.
Milli Məclis böyük beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Belə ki, Milli Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclasları keçirilmişdir.
Bundan başqa, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun iclasları, parlament Baş katiblərinin birinci görüşü də təşkil olunmuşdur.
Hörmətli həmkarlar!
Milli Məclisin sədri ölkəmizdə səfərdə olan beş ölkənin parlament sədrləri, bir ölkənin parlament sədrinin müavini, altı beynəlxalq təşkilatın rəhbərləri ilə görüşlər keçirmişdir.
Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri olmuşdur. Mən bu barədə sizə məlumat vermişdim. Milli Məclis ilə Özbəkistan Ali Məclisinin Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı (“Yol Xəritəsi”) imzalanmışdır. Sənəd Milli Məclisin sədri və Özbəkistan Senatının sədri tərəfindən imzalanmışdır.
Hörmətli deputatlar!
Milli Məclisin sədri iki ölkənin – Liviya və Ukraynanın Azərbaycandakı səfirləri, eləcə də Azərbaycan Respublikasının Omandakı səfiri ilə görüşmüşdür.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis növbədənkənar sessiyanı uğurla başa çatdırır və bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm. Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edirəm.