AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qələbəyə aparan nitqlər: Prezident İlham Əliyevin müharibə dövründə siyasi iradə və liderlik mesajları

  • + A
  • - A
  • Bu gün, 14:36

    Qələbəyə aparan nitqlər: Prezident İlham Əliyevin müharibə dövründə siyasi iradə və liderlik mesajları

    Mamoy Mansurov,
    Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


    Bəzən bir liderin sözü bütöv bir xalqın iradəsini ifadə edir. Bəzən bir çıxış tarixə çevrilir, bir müraciət milyonlarla insanın yaddaşında qalır. Azərbaycan xalqı üçün 44 günlük Vətən müharibəsi dövründə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları və müraciətləri məhz belə bir məna daşıyırdı. Həmin günlərdə dövlət başçısının hər sözü cəbhədə döyüşən əsgər və zabitlərimiz üçün mənəvi dayaq, arxa cəbhədə yaşayan insanlar üçün ümid, beynəlxalq ictimaiyyət üçün isə Azərbaycanın qətiyyətli mövqeyinin ifadəsi idi.
    2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Təxminən 30 il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi artıq təkcə siyasi və diplomatik danışıqların deyil, həm də real mübarizənin əsas gündəminə çevrilmişdi.
    Belə bir şəraitdə Prezident İlham Əliyevin xalqa müraciətləri, çıxışları və beynəlxalq mediaya müsahibələri müharibənin siyasi-mənəvi istiqamətini müəyyənləşdirən mühüm amillərdən biri oldu.

    Bu çıxışların başqa bir mühüm xüsusiyyəti xalq-ordu birliyini gücləndirməsi idi. Prezident hər fürsətdə Azərbaycan əsgərinin qəhrəmanlığını, zabitlərimizin peşəkarlığını, şəhidlərimizin fədakarlığını və xalqın həmrəyliyini xüsusi vurğulayırdı. Onun müraciətləri cəbhə ilə arxa cəbhə arasında mənəvi körpü yaradırdı. İnsanlar Ali Baş Komandanın hər çıxışında ordunun gücünə, dövlətin qətiyyətinə və qələbənin qaçılmazlığına dair mesajlar görürdülər.
    Prezident İlham Əliyevin nitqlərində diqqət çəkən məqamlardan biri də müharibənin məqsədinin düzgün təqdim olunması idi. Azərbaycan müharibəni ərazi əldə etmək, başqa xalqların torpaqlarına sahib olmaq üçün deyil, beynəlxalq səviyyədə tanınmış öz ərazilərini işğaldan azad etmək üçün aparırdı. Bu prinsip dövlət başçısının həm daxili, həm də xarici auditoriyaya ünvanlanan çıxışlarının əsas xəttini təşkil edirdi.
    Şuşanın azad edilməsindən sonra səsləndirilən fikirlər isə artıq tarixi Zəfərin siyasi və mənəvi yekunu kimi yadda qaldı. “Əziz Şuşa, sən azadsan!” müraciəti təkcə bir şəhərin azad olunmasının deyil, bütöv bir xalqın qürurunun, milli yaddaşının və ədalətə qovuşmasının ifadəsinə çevrildi.
    Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması Azərbaycanın hərbi-siyasi uğurunu rəsmiləşdirdi. Prezidentin müharibə dövründəki çıxışları isə bu qələbənin mahiyyətini, səbəblərini və tarixi əhəmiyyətini cəmiyyətə və beynəlxalq ictimaiyyətə çatdıran mühüm siyasi kommunikasiya vasitəsi oldu.
    Vətən müharibəsi bir daha göstərdi ki, liderlik yalnız qərar qəbul etməkdən ibarət deyil. Liderlik həm də mürəkkəb məqamlarda xalqı inandırmaq, dövlətin mövqeyini müdafiə etmək, cəmiyyətə istiqamət vermək və ümumi məqsəd ətrafında milli birliyi təmin etmək bacarığıdır.
    Prezident İlham Əliyevin 44 günlük müharibə dövründəki nitqləri bu baxımdan Azərbaycanın müasir siyasi tarixində xüsusi yer tutur. Həmin çıxışlarda ifadə olunan qətiyyət, prinsipiallıq, tarixi yaddaş və milli iradə Zəfər salnaməsinin ayrılmaz hissəsinə çevrilib.
    8 Noyabr – Zəfər Günü yalnız torpaqlarımızın azad edildiyi gün deyil. Bu tarix Azərbaycan dövlətinin gücünün, xalqın birliyinin, ordunun qəhrəmanlığının və siyasi iradənin təntənəsidir. Prezident İlham Əliyevin müharibə dövründəki çıxışları isə həmin tarixi qələbənin yaddaşlarda yaşamasına xidmət edən siyasi və mənəvi salnamədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR