“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivi müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin birinci ildönümü – Zəfər Günü münasibətilə Daşkəsən rayonunda şəhid və qazi ailələrini ziyarət edib.
Səhmdar Cəmiyyətin əməkdaşları ümumilikdə 116 şəhid və qazi ailəsinin evlərində qonaq olublar. Görüşlərdə böyük amallar uğrunda canlarından keçən, ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan qəhrəman şəhidlərimizin əziz xatirələri yad edilib, onlara daim borclu olduğumuz bildirilib. Qeyd edilib ki, tarixi qələbədə böyük pay sahibləri olan qəhrəman şəhidlərimizin ailələrinin, fədakar qazilərimizin daim diqqətdə saxlanılması onlara olan vəfa borcu və dərin ehtiramın ifadəsidir.
Sosial aksiya çərçivəsində Daşkəsən rayonunda qeydiyyatda olan Vətən müharibəsi şəhidlərinin aztəminatlı ailələrinə birdəfəlik bank kartları hədiyyə edilib. Bununla yanaşı, şəhid ailələri və ötən il döyüşlərdə yaralanmış qazilərimizə bayram sovqatları təqdim olunub.
Qeyd edək ki, Cəmiyyətin Sosial təsir və məsuliyyət üzrə siyasəti çərçivəsində mütəmadi olaraq həyata keçirilən sosial yardım tədbirləri dövlətimizin şəhid ailələri və ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların sosial müdafiəsi proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, şirkətin hasilat fəaliyyəti göstərdiyi bölgədə yaşayan bu həssas əhali qrupunun qayğı ilə əhatələnməsinə, onların rifahının yaxşılaşdırılmasına xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.