AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünyanın təhsil mənzərəsi: Yaponiyanın məktəbəqədər təhsil sistemi - Video

  • + A
  • - A
  • 15-01-2023, 15:16

    Dünyanın təhsil mənzərəsi:  Yaponiyanın məktəbəqədər təhsil sistemi - Video

    II yazı
    Yaponların uşaqların tərbiyəsinə xüsusi həssaslıqla yanaşması bütün dünyaya bəllidir. Onların tərbiyə metodları ilə tanış olduqca, belə düşünürəm. Bu tərbiyə metodlarını tətbiq etmək üçün yalnız yapon olmaq lazımdırmı? Fikrimcə, yox. Sadəcə məsuliyyət hissi olsun yetər. Bu, həm valideynlərə, həm də tərbiyəçilərə aiddir. Ötən əsrin əvvələrində bu mövzuda araşdırmalar aparan yaponşünas-alimlər qeyd edirlərdi ki, yaponlar uşaqları olduqca mülayim tərzdə və sonsuz sevgi göstərməklə tərbiyə edirlər. Onlar uşağın ruhunu incidəcək heç bir kənar hərəkətə yol vermirlər. Narahatlıq, sərtlik, fiziki cəza yoxdur. Onlar uşaqları sanki onlar üçün yaratdıqları cənnətdə böyüdürlər və bu cənnətdə qadağan olunmuş meyvə belə yoxdur. Yaponiyada tərbiyə formaları o qədər yumşaqdır ki, uşaqlar sanki özləri özlərini tərbiyə edirlər.
    Yaponiyada ilk uşaq bağçası 1876-cı ildə fəaliyyətə başlayıb. O zaman məktəbəqədər təhsil müəssisəsinə ancaq imkanlı ailələrin uşaqları qəbul olunurdu. Yalnız İkinci dünya müharibəsindən sonra ölkədə məktəbəqədər təhsil sahəsində islahatlara başlanıldı. 1947-ci ildə uşaq bağçalarının fəaliyyətini nizamlayan qanun qəbul edildi. Bu qanuna əsasən, uşaq bağçalarında tədris 6 istiqamət üzrə aparılırdı: sağlamlıq, ünsiyyət mədəniyyəti, ətraf aləmlə tanışlıq, dil, musiqi-ritm, rəsm-əl işi.
    Hər bir uşaq özlüyündə dəyərlidir
    Ölkədə məktəbəqədər təhsil sisteminin inkişafı ilə əlaqədar 1980-ci illərdə uşaq bağçalarının daha səmərəli işləməsi üçün qanunvericiliyə yenidən baxılması məsələsi qaldırılıb. Təhsil, Elm və Mədəniyyət nazirliyinin rəhbərliyi altında aparılan tədqiqatlara əsasən bəlli olub ki, məktəbəqədər təhsil müəssislərinin böyük əksəriyyətində tədris planında qarşıya qoyulan tələblərə əməl olunub. Bununla belə, bəzi bağçalarda məktəbəqədər təhsil müəssisəsinin əsas ideyasından kənara çıxmalar olduğu müəyyənləşdirilib və bu müəssisələrə tədris planından kənara çıxmağın yolverilməzliyi haqqında xəbərdarlıq olunub. Nəticə etibarilə 1990-cı ildə yeni təhsil planı yaradılıb. Yeni təhsil planında əsas diqqət ona yönəlirdi ki, uşağı qiymətləndirərkən başqaları ilə müqayisə etmək qəti yolverilməzdir. O, ancaq özü özü ilə müqayisə oluna bilər. O, dünən necə idi, bu gün necədir və sabah necə olacaq. Bu, problemin üzərində işləmək lazımdır. Hər bir uşaq özlüyündə dəyərlidir. O, xarakter və bacarıqlarına müvafiq olaraq qiymətləndirilir. Bütün bunlarla yanaşı, 6 tədris istiqaməti əvəzinə 5 tədris istiqaməti – sağlamlıq, sosial münasibətlər, ətraf aləmlə tanışlıq, dil və hisslərin ifadəsi – müəyyənləşdirildi.
    1990-cı illərin sonlarında hazırlanan məktəbəqədər təhsilin yeni milli standartlarında uşağa onun digər insanlarla əlaqəsinin vacibliyini anlamağa kömək etməli olan fiziki və psixoloji mühitin yaradılmasına xüsusi diqqət yetirilməyə başlandı. İndi Yaponiyanın bir çox məktəbəqədər müəssisələrində böyüklərin uşaq bağçası ilə əməkdaşlığa cəlb edilməsinə yönəlmiş proqramları mövcuddur. Bəzi bağçalar ataları öz peşələri haqqında danışmaq üçün müəssisəyə dəvət edir, digərləri bütün günü uşaqları ilə keçirən anaları qonaq edir. Bu cür görüşlər məktəbəqədər təhsil müəssislərinə imkan verir ki, uşağın ailə mühitini, xarakter və davranışlarını nəzərə alaraq daha münasib tədris planı hazırlasınlar.
    Müasir Yaponiyanın təhsil sistemində məktəbəqədər təhsil məcburi xarakter daşımır. Bununla belə, araşdırmalar göstərir ki, məktəbəqədər təhsil pilləsidə təhsilin digər pillərinə nisbətən daha çox çeviklik mövcuddur. Uşaq bağçaları və uşaq baxım mərkəzləri dövlət və özəl olmaqla iki hissəyə ayrılır. Uşaq bağçalarının 80 fazi, uşaq baxım mərkəzlərinin isə 60 faizi özəl sektora məxsusdur. Dövlətə məxsus məktəbəqədər təhsil müəssisələrində əmək haqqı özəl müəssisələrə nisbətən yüksək, gündəlik iş saatı qısa, iş yükü isə daha azdır. Qruplarda uşaqların sayı çox olmur. (Özəl bağçalarda isə uşaq sayı bir qayda olaraq çox olur. Bu, xərcləri azaltmaq məqsədi daşıyır.) Hər yarım ildən bir qruplardakı uşaqların tərkibi dəyişdirilir.
    Yaponiyanın məktəbəqədər təhsil müəssisələrində və uşaq baxım mərkəzlərində çalışanların 60 fazini qadınlar təşkil edir. Onların 30 faizindən çoxunun yaşı 30-dan azdır. Məktəbəqədər təhsil müəssislərində kişilər də çalışır. Onlar əsasən uşaq bağçalarında rəhbər vəzifə tuturlar.
    Yaponiyanın məktəbəqədər təhsil müəssislərində diqqət çəkən nüanslardan biri də istedadlı uşaqlarla işin təşkilidir. Bu barədə genişliyi ilə bəhs edəcəyik. Hələlik isə istedadlı uşaqlar üçün “Suzuki skripkası” metodundan danışmaq istərdim. Yaponiya cəmiyyətində, ümumiyyətlə istedada yanaşma fərqlidir. Bu ölkədə hesab edirlər ki, istedadı çoxlarında aşkara çıxarmaq mümkündür. Bir şərtlə ki, uşaqlarla işləməyin yollarını biləsən. Əgər biz istedada diqqət yetirməsək, o da adilərdən biri olacaq, adilərə diqqət yetirməsək istedadlıları tapa bilməyəcəyik. Diqqətdən kənarda qalan hər bir uşaq cəmiyyətin itkisidir. “Suzuki skripkası” metodu Yaponiya ilə yanaşı, ABŞ-da, Avropa ölkələrində də geniş istifadə olunur. Suzuki öz yaratdığı metoddan bəhs edərkən deyir ki, yaxşı öyrənmək üçün yaxşı müəllimdən dərs almalı və uşaq öyrənməyə bacardıqca tez başlamalıdır. Əgər bu qaydaya əməl olunarsa, deyə Suzuki söyləyir, - biz bütün uşaqların daxilindəki potensialı aşkara çıxara biləcəyik. Suzuki özü skripkanı uşaqlara 3 yaşından öyrətməyə başlayır və onların kifayət qədər uğurları var. O, hesab edir ki, bütün uşaqları öyrətmək mümkündür. Suzuki diqqəti uşaqların ana dilini öyrənmələrinə yönəldir və qeyd edir ki, bütün uşaqlar öz ana dillərini asanlıqla mənimsəyirlər. Ona görə də biz dilin mənimsənilməsinin əsas prinsiplərini musiqinin öyrənilməsinə tətbiq etsək, istədiyimizə nail olacağıq. Suzuki metodunun əsas xüsusiyətləri valideyn məsuliyyəti, mütəmadi olaraq həvəsləndirmə və öyrəndiklərini daimi təkrarlatmaqdan ibarətdir.

    Böyükağa MİKAYILLI
    Təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR