Bu gün Qaçqın və Deportasiya Olunmuşlara Dayaq İctimai Birliyi Abşeron Rayonunun Saray qəsəbə 3 saylı tam orta məktəbində “Narkomaniya ilə mübarizə istiqamətində maariflləndirmə” mövzusunda tədbir keçirib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Birlikdən verilən məlumata görə, tədbirdə məktəblilərlə bərabər müəllim və valideynlər də iştirak edib. Layihə rəhbəri Oktay Sadıqov məktəbliləri narkomaniya, onun törətdiyi fəsadlar və onunla mübarizə yolları istiqamətində məlumatlandırıb: “Keçən yüz ilin ən böyük bəlalarından sayılan narkomaniya bu gün də bəşəriyyət üçün ən ağrılı və acınacaqlı bəlalardan biridir. BMT-nin məlumatına görə dünyada 250 milyondan artıq insan narkomaniyadan bu və ya digər formada əziyyət çəkir. Mərkəzi sinir sisteminə spesifik təsir edərək tez bir zamanda asıllıq yaradan narkotik maddələr insanları fiziki və psixoloji cəhətdən şikəst edir. El arasında “ağ ölüm” adlanan bu bəlaya düçar olanların bundan xilas olması çox çətin olur. Narkomaniya cəmiyyətin mənəvi və intelektual potensialının aşınmasına, genefonunun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Sərhəd tanımayan, irqindən, dinindən, milliyyətindən, yaşından və sosial vəziyyətindən asılı olmayaraq bütün əhali təbəqəsini əhatə edən narkomaniya, bütün dövlətləri, millətləri və xalqları düşündürən ümumbəşəri bir bəladır. Onun qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, terrorizmin də maliyyə mənbəyi hesab olunur”.
Ölkəmiz beynəlxalq yükdaşımalarda Avropa və Asiya arasında mühüm tranzit yolu olduğu üçün xaricdən ölkə ərazisinə qaçaqmalçılıq və gizli yolla xeyli miqdarda narkotik maddə gətirilir. Çox təəssüflər olsun ki, bunun da əsas hissəsi gənclər arasında yayılır. Sağlam cəmiyyət formalaşdırmaq üçün ilk növbədə gələcəyimiz olan sağlam gənclər yeişdirilməlidir. Bugünki gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, ehtibarlı gənclərdən asılıdır. Bunun üçün də ailənin, məktəbin və cəmiyyətin əsas vəzifəsi gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq istiqamətində birgə davamlı mübarizə aparmaqdır.
Narkomaniya ilə mübarizə bu gün bəşəriyyətin ən aktual məsələrindən biridir. Odur ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, sonra da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfində narkomaniya və narkobizneslə mübarizə ilə bağlı fərman və sərəmcamlar imzalanıb, uzun müddətli dövlət proqramları qəbul edilib. Tədbirdə məktəbliləri maraqlandıran suallar da cavablandırılıb. Çıxış edən layihənin psixoloqu istək Bəxtiyarova və valideyn Günel Əliyeva məktəblilərə zərərli vərdişlərə uymamağı və ondan uzaq dayanmağı məsləhət biliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.