AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalistikada ixtisaslaşma - VACİBDİR

  • + A
  • - A
  • 30-01-2024, 00:07

    Jurnalistikada ixtisaslaşma - VACİBDİR

    Jurnalist Fərid Azəri yazır:
    Əvvəla, ondan başlayım ki, Jurnalistikada ixtisaslaşma son dərəcə vacibdir. Halbuki, illərdir şəxsən mənim eşitdiyim bir ifadə var: Jurnalistin hər sahədən anlayışı olmalıdır. Bu, son dərəcədə yanlış yanaşmadır. Belə yerdə Nizami Gəncəvinin:

    Kamil bir palançı olsa da insan,
    Yaxşıdır yarımçıq papaqçılıqdan...

    ...Misraları yada düşür. Əlbəttə jurnalist peşəsinin sahibi mütaliəyə, oxuyub-öyrənməyə, özünü təkmilləşdirməyə meylli olmalıdır. Amma və lakin bu sahədə ixtisaslaşma şərtdir. Məsələn, tutaq ki, bir jurnalist siyasətdən yazır. O bu sahənin bütün incəliklərini araşdırır, siyasi fiqurları, ölkədə və dünyada baş verən hadisələri, onların ardıcıllığını, səbəblərini bilir. Onun digər həmkarı isə bir gün siyasətdən, ikinci gün isə mədəniyyət sahəsindən yazır. Üçüncü gün onu idman reportajına göndərirlər. O, hansında daha mükəmməl iş görəcək? Mən deyim, heç birində!

    Başqa bir nümunə: Əli və Məmməd hər ikisi jurnalistdir. Əli bütün gün öz sahəsi üzrə xəbərlər toplayır, mövzular işləyir, maraqlı süjetlər hazırlayır, özünü bir sahə üzrə inkişaf etdirir. Məmmədə isə bir gün siyasətdən, ikinci gün idmandan, üçüncü gün isə hərbi sahədən yazmağı tapşırırlar. Əlbəttə ki, Məmməd hər üç sahənin içinə, yumşaq dildə desək, "edəcək".

    İllərdir yazırıq ki, bu sahədə ixtisaslaşma olmalıdır, "Jurnalistika" fakültəsinin tədris proqramları dəyişdirilməlidir, amma çifayda. Bu da lap döndü "dəyirman öz işindədir" məsələsinə. Çünki həqiqətən də elədir. Daha sonra bu fakültəyə tələb və təklif qanununa uyğun qəbul aparılmalıdır. Sifarişi dövlət yox, ölkədəki media quruluşları verməlidir.

    Bu sahənin digər problemi "tanış" və "dayday" məsələsidir. Məhz buna görə də illərdir mediada külüng vuranlar bir kənara atılır, başqaları önə çəkilir. Sonra da həmin o "önə çəkilənlər" savadlı kadrların qəniminə çevrilir. Jurnalistikada imzası olmayanlar media məkanında yüksək vəzifələrə irəli çəkilir, gərgin əmək sərf edənlər isə arxa plana "atılır".

    Medianın daha bir problemi "copy-paste" məsələsidir. Əziyyət çəkib xəbər yazırıq, amma kimlərsə onu götürüb öz adına çıxır. Bu halların qarşısını almaq üçün İnzibati Xətalar Məcəlləsinə əlavə edilməli, belə hallara yol verənlər cəzalandırılmalıdır.

    Bir də mətbuatın keyfiyyətinə xələl gətirən amillərdən biri "IP yarışıdır". Burada keyfiyyət yox, kəmiyyət önə çıxır.

    Mətləbdən çox uzaqlaşdıq: Sözümün mustafası budur ki, ixtisaslaşma olmadıqca, "Jurnalistika" üzrə tədris proqramları dəyişmədikcə, vəziyyət də düzəlməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR