AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rəşad Məcid: "Peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq"

  • + A
  • - A
  • 15-03-2024, 14:27

    Rəşad Məcid: "Peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq"

    Dünəndən jurnalistləri aşağılayan videorolik barədə müzakirələr davam edir. Müəllimin "hamıvız" deməklə bütün jurnalistlərin bostanına daş atması media nümayəndələrinin haqlı narazılığına səbəb olub. Mətbuat Şurasının sədri Rəşad Məcid də sosial media hesabında məsələyə münasibət bildirib. Azadmedia.az Rəşad Məcidin sözügedən məqaləsini təqdim edir:
    "Ölkədə fəaliyyət göstərən prodakşnlardan birində çəkilən, televiziya ilə nümayiş olunan bir serialdan kəsilib götürülmüş, müəllim obrazının dilindən jurnalistləri hədəfə alan, sosial şəbəklərdə Elm və Təhsil Nazirliyinin sosial çarxı kimi təqdim edilən bir video istər ictimai fikirdə, istərsə də jurnalist cameəsində haqlı narazılıq və narahatlıq doğurdu.
    Əvvəla, müstəqil bir prodakşının çəkdiyi serialdan hansısa hissənin kontekstdən çıxarılaraq qərəzlə nazirliyin sosial çarxı – mövqeyi kimi təqdim olunması böyük qəbahətdir və bu, sosial şəbəkələrin son illər aludəçisinə çevrildiyi durduq yerdə qalmaqal yaratmaq niyyətinin növbəti nümunəsidir.
    Yayılmış o videonun mahiyyətinə gəlincə, hətta nəzərə alsaq ki, o parçanın kəsilib götürüldüyü serialda bu kadrlarla müəllimlərin cəmiyyətdəki nüfuzunu artırmaq, onları müdafiə etmək və bu məqsədlə də cəmiyyətə maarifləndirici mesaj ötürmək niyyəti güdülüb, bir məqamı mütləq qeyd etmək lazımdır ki, bu cəhd uğursuz alınıb. Əvvəla, hansısa bir sosial təbəqənin, hansısa peşə sahiblərinin müdafəsinin başqa bir təbəqənin, başqa peşə sahiblərinin aşağılanması hesabına qurulması qətiyyən düzgün deyil. Əksinə, bu, həmin peşə sahiblərinin müdafiəsi yox, onları hədəf seçilən peşə sahibləri ilə üz-üzə qoymağa çalışmaq, bir az da sərt desək, provokasiyadır.
    O ki qaldı videodakı dialoqa – müəllimin olduqca aqressiv və qəddar bir tonda jurnalisti imla yaza bilməməklə hədələməsinə, əlbəttə, bu gün Azərbaycanda jurnalist adına iddia edən saysız-hesabsız şəxslər arasında savadsızları kifayət qədər çoxdur, amma onu da etiraf edək ki, savadsız adamlar elə müəllimlər, lap belə məmurlar arasında da az deyil, həm də belələrinə bütün peşə sahibləri içində, bütün fəaliyyət sahələrində rast gəlmək olar. Bu baxımdan məsələnin belə bir üslubda təqdimatı peşəkar jurnalistkaya, öz işinin ustası olan jurnalistlərimizə qarşı hörmətsizlikdir. Bu iradı qəbul etməli olan birinci tərəf, zənnimcə, həmin serialı ərsəyə gətirən prodakşn, o serialın müəllifləri və yaradıcı heyətidir. Onlar bu addımla həm iki fərqli peşə sahibləri arasında gərginlik yaradır, həm də bu serialı öz efirində yayımlayan telekanalı zərbə altında qoyurlar.
    Jurnalist adına iddia etməklə bu adı aşağılayanlarla yanaşı, bu gün cəmiyyətdə bir qrup da var ki, onlar hər addımda jurnalistləri gözdən salmağa çalışırlar. Bundan isə ilk növbətə dərin mənəviyyata malik, peşəkar jurnalistlər əziyyət çəkirlər. Hesab edirəm ki, bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır. Unutmayaq ki, jurnalistika ölkəmiz, cəmiyyətimiz üçün ən vacib, ən lazımlı peşələrdəndir və texnologiyalar nə qədər böyük sürətlə inkişaf etsə də, peşəkar jurnalistlərə həmişə ehtiyac olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR