İsveç misli görünməmiş partlayış dalğası yaşayır. Belə ki, yanvar ayında artıq 24 partlayış baş verib və bu, 2019-cu ilin noyabrında müəyyən edilmiş 22 partlayış rekordunu üstələyib.
Polisin məlumatına görə, partlayışların əksəriyyəti hədə-qorxu ilə pul tələb etmək, o cümlədən şirkətlərə və onların işçilərinə qarşı yönəlmiş hadisələrdir.
Yerli polis rəisi Anders Yurestad vəziyyətin gərgin olduğunu və partlayışların sayının artdığını qeyd edib.
Polisin fikrincə, əgər əvvəllər partlayışlar daha çox kriminal qarşıdurmaların iştirakçılarına yönəlirdisə, indi şirkətlər və hətta günahsız insanlar qurbanlara çevrilirlər.
Ədliyyə naziri Qunnar Strömmer polislə təcili iclas çağıraraq bu vəziyyətin sivil cəmiyyət üçün qəbuledilməz olduğunu bildirib. Polis əlavə resursları səfərbər edir, sosial mediada cinayətə cəlbetmə ilə mübarizə və partlayıcı maddələrə əlçatanlığa nəzarət etmək üçün səyləri gücləndirir. Çox vaxt partlayıcı qurğuların hazırlanmasında istifadə olunan pirotexniki vasitələrə xüsusi diqqət yetirilir.
Ölümlə nəticələnən atışmaların 30 faiz azalmasına baxmayaraq, 2022-ci ildən etibarən yeni zorakılıq dalğası təhlükəsi yüksək olaraq qalır.
Q.Strömmer qeyd edib ki, cinayətkar qruplara qarşı mübarizə digər ölkələrin təcrübəsinin də göstərdiyi kimi, 10 ilə qədər vaxt aparacaq və artan təhlükənin öhdəsindən gəlmək üçün yeni qanunlar və daha sərt nəzarət tədbirlərinə ehtiyac var.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.