ABŞ-ın https://newsblaze.com xəbər portalında ABŞ-Azərbaycan Mədəniyyət Fondunun Arye Qut adına xüsusi mükafat təsis edəcəyi barədə məlumat yayımlanıb.
Məlumatda bildirilir ki, Fondun Direktorlar Şurası bu qərara Azərbaycanın Tel-Əvivdə səfirlik açması və Muxtar Məmmədovu səfir təyin etməsi kimi iki xoş xəbərdən sonra gəlib. Arye Qut adına xüsusi mükafat hər il özəl olaraq elan edilən tədbirdə Azərbaycan və İsrail arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən şəxslərə və ya təşkilatlara veriləcək. İlk mükafatın 2023-cü ildə Bakıda keçirilməsi planlaşdırılan “Göz qırpımında” sənədli filminin təqdimatı zamanı seçilmiş şəxsə və ya təşkilata təqdim olunması nəzərdə tutulub.
Fondun direktoru Nurit Qringer bildirib ki, “Göz qırpımında” sənədli filmi İkinci Qarabağ müharibəsindən sonra 2021-ci ilin əvvəlində israilli həkimlərdən ibarət nümayəndə heyətinin Azərbaycanda əməliyyat etdiyi müharibə qazisi Arif Hacıyevə həsr olunub. 2022-ci ilin dekabrında Arif Hacıyev donoruna və oftalmoloq İşak Falikə minnətdarlığını bildirmək məqsədilə ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qrinqer və “Double Trouble Production” şirkətinin baş direktoru Eti El-Kissin müşayiəti ilə İsraildə dörd günlük səfərdə olub. Arifin yaddaqalan və emosional səfərinin videogörüntüləri “Göz qırpımında” adlı sənədli filmdə nümayiş etdiriləcək.
Onun sözlərinə görə, Fondun ilk sənədli layihəsində Arye Qutun xatirəsi ehtiramla yad ediləcək, çünki Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi 1991-ci ildən bəri iki ölkə arasında başlayan münasibətlərin möhkəmlənməsində Arye Qut mühüm rol oynayıb. “2022-ci ilin iyul ayında mən İsrailin Netanya şəhərindəki evində Arye Qutu ziyarət etdim. Həmin vaxt qazi Arif Hacıyevi İsrailə müşayiət etmək planımın ilkin prosesi ilə məşğul idim. Bu prosesə layihənin ödənilməsi üçün vəsait toplamaq da daxil idi. Arye çox xəstə idi, amma o, mənə dedi: “Əgər yaxşılaşsam və maddi imkanlarım evdə qulluq üçün getməsə, layihəni maliyyələşdirəcəyəm”. Təəssüf ki, Aryenin xoşməramlı niyyəti baş tutmadı və o, tezliklə dünyasını dəyişdi. Arye İsrailin Azərbaycandakı və Azərbaycanın İsraildəki xoşməramlı səfiri olub. Onun yeri çox görünür...”, - deyə Nurit Qringer kədərlə bildirib.
Xatırladaq ki, 1975-ci ildə Bakıda anadan olan Arye Qut 2000-ci ildə İsrailə köçüb, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinə rəhbərlik edib. Beynəlxalq ekspert kimi Türkiyə-İsrail münasibətləri, İsrail-Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazdakı geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən çox analitik məqalənin müəllifi olub.
Məlumatı ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://newsblaze.com/world/eurasia/award-named-after-late-arye-gut_189198/?fbclid=IwAR0kFLM7TwPMuX4cBzeO9VmCNcPVNJ5purROmfGbieFJT4J4g6aag7UbOT0
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.