Qarabağ separatçılarının keçmiş prezidenti Arayik Arutyunyan məhkəmədə Azərbaycandan üzr istəyib.
Arutyunyan bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncənin raket atəşinə tutulması ilə bağlı verdiyi bəyanatdan təəssüflənir.
“Azərbaycan xalqı inanır ki, bu əmri mən vermişəm (Gəncəni vurmaq). Bu qərarı mən verməmişəm. Bəli, bununla bağlı açıqlamam var idi. İndi bu açıqlamadan təəssüflənirəm və üzr istəyirəm. Mənim belə haqqım, belə səlahiyyətim, hətta fikir bildirmək imkanım da yox idi. “O zaman niyə belə ifadə verdiyimi istintaq zamanı verdiyim ifadədə izah etdim”, o əlavə edib.
Bu arada məhkəmə separatçı Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri Ruben Vardanyana iş materialları ilə tanış olmaq üçün 10 gün vaxt verib.
İttiham tərəfi də materialların öyrənilməsi üçün əlavə vaxt verilməsinə etiraz etməyib. Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.
Məhkəmə iclasında bildirilib ki, cinayət işində 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Bu gün məhkəmənin hazırlıq iclasında 350 zərərçəkmiş, onların nümayəndələri və hüquqi varisi iştirak edib.
Xatırladaq ki, yanvarın 17-də sülh və insanlıq əleyhinə cinayətlər, Ermənistan silahlı qüvvələrinin Azərbaycana və Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətlər, o cümlədən Ermənistanın işğal olunmuş ərazilərdə yaratdığı qanunsuz silahlı birləşmələrlə bağlı cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.