Masallı PFK-nın mətbuat katibi Ülkər Piriyeva Azadmedia.az vasitəsilə klubun rəhbəri Mirələm Həşimov və klubun heyəti adından Qanlı Yanvarla bağlı Azərbaycan xalqına baş sağlığı verib.Azadmedia.az xəbər verir ki, bu barədə klubun bütün sosial media səhifələrində də paylaşım edilib.

Klubun mətbuat katibi Ü. Piriyeva Azərbaycanda "Qara Yanvar"ın 35-ci ildönümünün anıldığını bildirib.
Ülkər Piriyeva vurğulayıb ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Beləliklə, Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.”
Ü. Piriyeva qeyd edib ki Masallı PFK adına, “1990-cı ilin 20 qanlı Yanvar tarixində ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş “20 Yanvar” şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə hörmət və ehtiramımızı bildiririk”.