AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil Nazirliyinin milli qiymətləndirməsinə nə qiymət verəsən...? - AKTUAL

  • + A
  • - A
  • 21-12-2020, 20:20



    keçirdi. Əvvəla, qeyd edək ki, milli qiymətləndirmə təhsil prosesinin təşkili, planlaşdırılması haqqında toplanmış məlumatlar vasitəsilə kurikulumun keyfiyyətini və təhsil sistemində baş verən dəyişiklikləri dəyərləndirmək məqsədilə həyata keçirilir. Milli mütəxəssislər tərəfindən aparılan bu qiymətləndirmə nəticəsində əldə olunan nəticələr kurikulumun, təlim-tədris prosesinin keyfiyyətinin və təhsildə aparılan dəyişikliklərin dəyərləndirilməsinə, təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. Milli qiymətləndirmə 4-cü, 6-cı və 9-cu siniflərdə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib.

    Bu dəfə imtahanın şəffaflığı şagirdlərin özlərinə həvalə edilib. Lakin görünən odur ki, vəziyyət heç də ürəkaçan olmayıb. Belə ki, pandemiyaya görə onlayn qaydada aparılan milli qiymətləndirmə bir çox təhsil iştirakçısının dili ilə desək, sanki “milli köçürmə, köməkləşmə günü”nü xatırladıb. Müzakirələrdən belə məlum olur ki, onlayn formada həyata keçirilən imtahanda şagirdlər arasında kənardan kömək alaraq sualları cavablayanlar kifayət qədər çox olub. Bu işdə onlara qohumlar, valideynlər, tanışlar, bəzi hallarda müəllimlərinin özü də köməklik göstərib. Belə olduğu halda imtahan iştirakçılarını və valideynləri bir çox suallar düşündürür: İmtahan nəticələrinin ləğvini gözləmək olarmı?

    Daha bir məqam isə imtahan günü yaşanan texniki problemlərlə bağlı olub. Belə ki, şagirdlər dərslərinə bir neçə aydır “Virtual məktəb” platformasından davam etsələr də, əvvəlcədən təlimatlandırma olmadığına görə imtahan günü çaşqınlıq içində qalanlar da olub. Eyni zamanda da bir sıra yerlərdə internet, işıq problemi yaşanıb, şagirdlər testləri tamamlaya bilməyiblər.

    Belə olduqda isə ortaya suallar çıxır: Əgər bu imtahan deyildiyi kimi təhsil prosesinin qiymətləndirilməsi, nəticəyə uyğun işlərin həyata keçirilməsi üçün aparılan ciddi bir imtahan idisə, niyə sadalanan problemlər əvvələcədən nəzərə alınmayıb? Məgər, Təhsil Nazirliyi köçürmə hallarından tutmuş, imtahan zamanı yarana biləcək bir sıra problemləri əvvəlcədən hesaba qata bilməyibmi? Yox, hər şey nəzərə alınıbsa, bəs, niyə nəticə tamamilə başqa bir mənzərə yaradıb?

    Bütün bu söz-söhbətdən sonra Təhsil Nazirliyinin mətbuat xidmətinin yayımladığı açıqlama hələ belədir: “Dekabrın 19-da “Virtual məktəb”də, əsas məqsədi IV, VI və IX sinif şagirdləri arsında keyfiyyət göstəricilərini müəyyən etmək olan onlayn milli qiymətləndirmə təşkil edilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib. Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olanacaq. Texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaq”.

    Açıqlamada, həmçinin qeyd olunub ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb və hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək.

    Göründüyü kimi, milli qiymətləndirmə ilə bağlı ictimaiyyəti düşündürən suallar hələ də açıq olaraq qalır. AYNA mövzunu təhsil eksperti Kamran Əsədovla müzakirə edib. Bu istiqamətdə suallarımızı cavablayan ekspert keçirilən imtahanı ümumilikdə müsbət qiymətləndirir: “İlk növbədə qeyd edim ki, tədris prosesinin virtual məkanda onlayn qaydada həyata keçirilməsi artıq ənənə halını almağa başlayıb. Əgər 2020-ci ilin mart ayında bu təhsil forması müəyyən qədər əlçatan deyildisə, artıq onlayn qaydada təhsil ənənə halını almağa başlayıb. Bunu biz konkret rəqəmlərdə də görə bilərik. Belə ki, hazırda ölkədə təhsil prosesinin onlayn qaydada həyata keçirilməsi üçün rəsmi platforma “Microsoft Teams” və bununla yanaşı ZOOM proqramı vasitəsilə də həyata keçirilir, lakin ölkənin rəsmi, ən irimiqyaslı platforması “Virtual məktəb” və bununla yanaşı “Microsoft Teams” proqramıdır. 4447 orta ümumtəhsil məktəbimizdə 1.6 milyon şagird təhsil alır ki, “Virtual məktəb” platformasından qeydiyyatdan keçənlərin sayı 1 milyon 300 mindən çoxdur, bu da kifayət qədər ciddi rəqəmdir”.

    “Müəllim sayına qaldıqda isə, 151 min müəllimdən 127 min müəllim artıq qeydiyyatdan keçib. Bu platformadan istifadə edən aktiv şagird sayı 1 milyon nəfərdən çoxdur. Eyni zamanda, həftə ərzində 6 milyondan çox dərs “Virtual məktəb” layihəsi ilə həyata keçirilir. Bu rəqəmlər onu göstərir ki, artıq ölkəmizdə təhsilalma formalarından biri kimi məsafədən təhsil öz yerini tutmağa başlayıb. Və bunu qiymətləndirmə standartlarında tətbiq etmək olar. Bu, vacib bir məqamdır ki, bizim 1 milyon 300 min şagirdimiz onlayn platformadan istifadə edirsə, onların aktiv istifadəçi sayını, eyni zamanda əldə etdikləri biliklərin yoxlanması üçün müəyyən qiymətləndirmə keçirilməlidir. Dekabr ayının 19-da Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində tədris olunan bəzi fənlər üzrə keyfiyyəti yoxlama və dəyərləndirmə üçün milli qiymətləndirmə təşkil edildi. 4-cü siniflər ümumilikdə 40, 6-cı sinif şagirdləri 60, 9-cu sinif şagirdləri isə 90 suala cavab verməli idilər”, - ekspert bildirib.

    O, vacib hesab etditi digər bir məqama da diqqət çəkib: “Bu qiymətləndirmənin məqsədi şagirdlər barədə etibarlı məlumatın toplanması, problemlərin müəyyənləşdirilməsi idi. Yəni burada məqsəd məktəbdaxili qiymətləndirmə deyil, şagirdlərin təlim nəticələrinə təsir edəcək amilləri, onların onlayn platformadan istifadə imkanlarını öyrənmək idi. Mən müəllim və valideyn, eyni zamanda da təhsil eksperti olaraq bu qiymətləndirmədən çox razıyam. Çünki bu, şagirdlərin bacarıqlarını, eyni zamamda pandemiya dövründə tədris fəallığının aktivləşdirilməsinə gətirib çıxarır”.

    Əsədov təklif edir ki, bu cür imtahanların əhatə etdiyi fənn, eyni zamanda da imtahan sayı artırılmalıdır: “Mən təklif edirəm ki, Təhsil Nazirliyi tərəfindən bu tip qiymətləndirmə bütün fənləri əhatə etsin və hər ay təşkil edilsin. Bu, eyni zamanda şagirdlərin onlayn platformadan istifadədə məsuliyyətini artıracaq, həmçinin də Təhsil Nazirliyi hər ay bu tip qiymətləndirməni təşkil etsə, şagirdlər, tədris prosesinin qurulması barədə məlumata malik olacaq”.

    Neqativ hallara toxunan həmsöhbətimiz bunun ilk dəfə üçün normal hal olduğunu hesab edir: “Çox təəssüf ki, müəyyən neqativ hallar, texniki problemlər də var idi. Təbii ki, ilk dəfə onlayn platformada keçirilən qiymətləndirmənin müəyyən problemlərlə bağlı çatışmazlıqları da var idi. Ancaq bir məsələ vacibdir ki, mövcud vəziyyəti müəyyənləşdirmək və proqnozlaşdırma üçün bu, yeganə üsul və vasitədir. Çox təəssüf ki, şagirdlərin köçürməsi, imtahan zamanı “Whatsapp” qruplarında sualların bir-birinə göndərilməsi, internetin zəifliyini əsas gətirərək tənqidi notlarla etiraz edən, narazılıqlarını bildirənlər var idi. Bəzən də təəssüf ki, övladını imtahandan kənarlaşdırıb valideynlərin özlərinin və ya müəllimlə əlaqə saxlayıb sualları onlara cavablandırmaları halları ilə də rastlaşdıq. Bu, yaxşı hal deyil”.

    “Birmənalı şəkildə qeyd edirəm ki, bu qiymətləndirmə şagirdlərin orta məktəb qiymətlərinə hər hansısa formada təsir göstərmir, sadəcə onlayn platformdan həyata keçirilən tədrisin şagirdlər üçün nə qədər əlçatan olması, keyfiyyətinin yoxlanması və ölçülməsinə xidmət edir. Bu imtahanlar mütəmadi olacaq, tez-tez keçiriləcək. Məqsəd onlayn imtahan vərdiş və bacarıqlarının formalaşdırılması, məsuliyyət hissinin artırılmasıdır. Ona görə də kənardan hər hansısa müdaxilə keyfiyyətə mənfi təsir gösətərəcək bir amildir”, - deyə ekspert vurğulayıb.

    Əsədov növbəti imtahanlarda bir sıra problem və nöqsanların aradan qaldırılmasının gözlənilən olduğunu düşünür: “Təbii ki, növbəti səfərlərdə bunun texniki tərəfləri də nəzarə alınacaq, imtahan zamanı kameralar açıq olacaq, kənar müdaxilələr olan imtahan nəticələri ləğv ediləcək. Bu, ilk dəfə idi, çatışmazlıqların olması normal idi. İndiki situasiyada alətlərdən istifadə imkanları öyrənilirdi. Nəzərə alsaq ki, ölkədə 4447 orta ümumtəhsil məktəbi var, bu halda bütün bölgələr üzrə texniki imkanları bərabər səfərbər etmək mümkün deyil. Əlbəttə ki, dövlət qurumları arasında əlaqə olsa, bu, daha yaxşı təşkil edilə bilər. Amma etiraf edək ki, bu, müəyyən qədər ilk yoxlama imtahanı olduğuna görə boşluqların olmasını normal qarşılamaq olar. Növbəti milli qiymətləndirmə, eləcə də digər imtahanlarda Təhsil Nazirliyi hansısa problemlərin yaşanmaması üçün bugünkü təcrübədən fayadalanaraq işlər aparılmalıdır”.

    “Bu milli qiymətləndirmə elektron platformanın ilk dəfə vahid imtahana cəlb edilməsi idi. Təbii ki, bir sıra dövlət qurumları ilə bərabər işlənməli idi. Biz bunu dünya ölkələrinin təcrübəsində də görürürük. Hər hansı imtahan keçirdikdə Fövqəladə Hallar Nazirliyi, enerji qurumları, internetə nəzarət edən qurumlar vahid koordinasiya mərkəzi yaradır ki, hansısa ərazidə texniki problem olduqda onu həll etsinlər. Bizdə də bu təcrübə yava-yavaş formalaşacaq. Təhsil Nazirliyinin bu məsələyə qeyri-ciddi yanaşdığı kimi qiymətləndirməzdim, təkbaşına görülmüş işdir və müsbət tərəfdən yanaşmaq lazımdır. Bu problemlər gələcəkdə də yaşanarsa, qeyri-ciddi yanaşma kimi qiymətləndirilə bilər, amma ilk imtahan üçün təbii ki, öncədən bunları proqnozlaşdırmaq mümkün deyildi. Bütün hallarda böyük sayda şagirdlərin iştirakına görə imtahan müsbət qiymətləndirilə bilər”, - deyə müsahibimiz fikrini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR