Zeynab Kazımova Fransa portalında Qarabağ xalçasından yazdıAzərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Musulmansenfrance.fr” xəbər portalında “Bir Qarabağ xalçasının taleyi və dönüşü” (Le destin et le retour d’un tapis du Karabakh) başlıqlı məqaləsi yayımlanıb.
Məqalədə müəllif 18 may beynəlxalq muzeylər günündən söz açaraq, Azərbaycan Milli Xalça Muzeyindən bəhs edib. Muzeyin 1967-ci ildə keçmiş sovetlər birliyində yaradılan ilk və dünyada yeganə unikal bir muzey olduğunu diqqətə çatdırıb.
Azərbaycan Milli Xalça Muzeyinin zəngin ekspozisiyasından bəhs edən jurnalist burada 11 000 mədəniyyət nümunəsi olan eksponatın, o cümlədən 6000 xalça və tekstil məmulatının sərgiləndiyini qeyd edir.
Məkanın gözəlliyindən ağızdolusu söz açan, Azərbaycanın milli irsi olan maddi-mədəniyyət nümunələrinin sərgiləndiyi bu məkanı cənnətə bənzədən Zeynab Kazımova muzeydə saxlanılan bir xalçaya xüsusi olaraq diqqət çəkir. Bu xalçanın erməni işğalı zamanı itmiş, oğurlanmış, daha sonra uzaq Amerikada, Los Ancelesdə "qədim erməni xalçası" adı ilə satılmağa çıxarılmış Qarabağ xalça məktəbinə aid "Baxçada güllər" xalçası olduğunu bildirir. Xalçanın çox maraqlı bir tarixə sahib olan taleyinin olduğunu vurğulayan müəllif 1991-1994-cü illərdə, Birinci Qarabağ müharibəsi dövründə şəhərlərin və kəndlərin ermənilər tərəfindən işğalı, bütün azərbaycanlıların evlərinin dağıdılması, evlərin, ev əşyalarının, xalçaların, digər maddi mədəniyyət və sənət obyektlərinin qarət edilməsi və oğurlanmasının Azərbaycan xalqına vurduğu maddi və mənəvi zərbədən yazır. Sözügedən xalçanın taleyi ermənilərin mədəniyyətə və qonşu tarixinə qarşı olan erməni münasibətinin bir nümunəsi olduğunu diqqətə çatdırır.
Müəllif Qarabağın işğalı zamanı azərbaycanlıların məcburən öz yurd-yuvalarından didərgin düşdüyünü, onların evlərinin, ev və məişət əşyalarının, həmçinin xalçalarının yağmalandığını, ermənilər tərəfindən oğurlanıb aparıldığını və satıldığını vurğulayır. Zeynab Kazımova bütün bunların insanların şəxsi əmlakına qəsd olmaqla yanaşı, həm də Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixi, milli, maddi-mənəvi sərvətlərimizə qarşı məkrin bir hissəsi olduğunu, ermənilərin hər zaman xalqımızın bu mədəni irsini özününküləşdirmək cəhdlərini, hələ də Azərbaycan tarixinə, ədəbiyyatına və mədəniyyətinə əsassız iddialarının davam etdiyini nəzərə çatdırır. Müəllif yazır: “Bu dəhşətdir! Sənə məxsus olmayan şeyi oğurla, ələ keçir, götür, sat!”
Müəllif öz məqaləsində sözügedən xalça ilə bağlı fakta istinad edərək, Amerikada, Los Ancelesdə “qədim erməni xalçası” adı ilə satışa çıxarılan xalçanın bir vətənpərvər azərbaycanlının üzərində kiril əlifbası ilə azərbaycanca yazılmış "1 yanvar 1971-ci il, Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəsi" yazısından tanıdığını yazır, ermənilərin bu cəhdinin ilk belə hal olmadığını da qeyd edir. Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrinin dəfələrlə erməni mədəniyyəti adı altında təqdim olunduğunu bildirən müəllif, təəssüflə yazır ki, özünə məxsus olmayanı oğurlamaq, onu özününkü kimi təqdim etməklə satmaq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi çoxsaylı hallardan biridir. Jurnalist bildirir ki, azərbaycanlı tərəfindən hərracdan alınan xalça öz Vətəninə Azərbaycana qaytarılır, Azərbaycan Milli Xalça Muzeyi ona qucaq açır. Beləliklə, Vətənə qaytarılan xalça burada sərgilənir.
Muzeyin direktoru Şirin Məlikovanın sözlərinə istinad edən jurnalist yazır ki, 1992 ci ildə Şuşanın işğalından sonra o zamandan Şuşa Muzeyi Bakıda Xalça Muzeyinin nəzdində yerləşdirilib. Muzeyin direktoru hazırda həmin xalçanın Şuşa filialının kolleksiyası ilə birlikdə muzeydə sərgiləndiyini, işğaldan azad olunmuş Şuşada Muzeyin binası yenidən qurulduqdan sonra Qarabağda həmin kolleksiya ilə birgə sərgilənəcəyini qeyd edir.
Müəllif bildirir ki, xalçanın taleyi sanki müharibədə itkin düşmüş insanların taleyini xatırladır. Necə ki, onların yolunu əzizləri, doğmaları illərlə gözləyirlər, lakin onlardan xəbər çıxmır, amma hansısa möcüzə ilə kimsə qayıda bilir. Bu aspektdən, sözügedən xalçanın taleyini insan taleyi ilə eyniləşdirən müəllif yazır ki, bəlkə də bu xalçanın taleyi müharibədə itkin düşmüş, sonradan tapılmış insanın taleyidir, onun dönüşüdür. Müəllif yazır ki, bu xalçanın dili olsaydı, o öz taleyi haqqında bizə çox şey danışardı. “Söhbət tarixdən, bu müharibələrdə həlak olmuş insanların taleyinə bənzər bir xalçanın taleyindən gedir. Təsəvvür edə bilərik ki, bu, sadəcə bir xalçanın taleyi deyil, bir insanın taleyi kimidir. “
Hazırda Xalça Muzeyində yerləşən xalçanın Qarabağın işğaldan azad olunması xəbərini hiss etdiyini vurğulayan müəllif xalçanın həmin günü, “Qarabağa xoş gəldiniz, bura sizin eviniz, bu Şuşa muzeyidir!” sözlərinin deyiləcəyi günü səbirsizliklə gözlədiyini bildirir.
Müəllif, eyni zamanda, məqalədə Azərbaycan xalqının həyatında, məişətində xalçaçılığın mühüm yer tutduğunu bildirir. Ta qədimdən nənələrin, anaların öz õvladları üçün xalça, kilim hədiyyə etdiklərini, bunun Azərbaycan xalqının adət və ənənəsinə məxsus olduğunu, övladların bu xalçalardan isti ana əllərinin hənirini aldıqlarıni və bu hisslərin böyük mənəvi çəkisini qeyd edir.
Məqalə sözügedən xəbər portalının manşetində yerləşdirilib, həmçinin sosial şəbəkə hesablarında da yayımlanıb.
https://musulmansenfrance.fr/
https://musulmansenfrance.fr/le-destin-et-le-retour-dun-tapis-du-karabakh/