Azadmedia.az-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən iyulun 3-4-də “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.
Belə ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda açılan yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edir. Yarmarkalarda fermerlər tərəfindən satışa 60-dan artıq çeşiddə təbii kənd təsərrüfatı və qida məhsulları çıxarılıb.
“Kənddən şəhərə” həftəsonu yarmarkalarının təşkil olunmasında əsas məqsəd şəhər sakinlərinin qida məhsullarına olan tələbatını təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə ödəmək, həmçinin yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.
Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilir. Yarmarkada iştirak edən fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və s.) da təmin olunublar. Yarmarkaya alış-verişə gələn vətəndaşların temperaturları ölçülür, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetirilir. Həmçinin yarmarka ərazisində təşkilatçı qurum tərəfindən mütəmadi olaraq dezinfeksiya işləri görülür.
“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı);
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.