AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

  • + A
  • - A
  • 15-10-2021, 20:30


    1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyimizin bərpasından otuz il ötür. Xalqımız builki bayramı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbə sevinci ilə, Qalib Xalq kimi qeyd edir.
    Oktyabrın 15-də dövlət başçısının qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən "Müstəqillik Günü haqqında" yeni Qanun qəbul olunaraq dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan müstəqilliyin əldə edilməsi və bərpası kimi əlamətdar günlərə onların mahiyyəti və məzmununa uyğun daha dəqiq və dolğun qiymət verilib və 18 oktyabr - Müstəqilliyin Bərpası Günü, 28 may - Müstəqillik Günü kimi təsis edilib.
    Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatımdan Azadmedia.az-a daxil olan məlumata görə dövlət müstəqilliyimizin bərpasının otuzuncu ildönümü
    münasibətilə oktyabrın 15-də Ədliyyə Nazirliyi Kollegiyasının videoformatda xüsusi iclası keçirilib.
    Tədbiri açan ədliyyə naziri Fikrət Məmmədov 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik tariximizin başlanğıcı olduğunu vurğulayıb, həmin illərdə Parlamentin yaradıldığını, dövlət atributlarının müəyyən edildiyini, ana dilinin dövlət dili elan olunduğunu, vətəndaşlara bərabər hüquqların verildiyini, hüquq sisteminin formalaşdırıldığını qeyd edərək Azərbaycanın dünyada müstəqil dövlət kimi tanındığını diqqətə çatdırıb.
    Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, onun şüurlarda bərqərar etdiyi azadlıq ideyası unudulmamış, 1991-ci ildə xalqımız dövlət müstəqilliyini yenidən bərpa edərək Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan etmişdir. İlk illərdə respublikamızın məruz qaldığı hərbi təcavüz, habelə vətəndaş müharibəsi astanasında olan ölkə daxilində anarxiyanın, hərc-mərcliyin hökm sürməsi xalqımızı yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu.
    Nazir belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtaraq müstəqilliyimizi dönməz və əbədi etdiyini xüsusi qeyd edib. Müstəqilliyimizin Heydər Əliyev dövrü ölkəmizdə qanunçuluğun, ictimai-siyasi sabitliyin bərqərar olması, "Əsrin müqaviləsi"nin imzalanması ilə neft strategiyasının təməlinin qoyulması, demokratik hüquqi dövlət quruculuğunun geniş vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, respublikamızda hərtərəfli, o cümlədən köklü hüquqi islahatların aparılması ilə səciyyələnir.
    Tədbirdə Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin, məhz 15 oktyabr 2003-cü il tarixdə keçirilən prezident seçkilərində xalqımızın böyük etimadı ilə ölkə Prezidenti seçildiyi qeyd olunaraq dövlət başçısının son 18 il ərzində müstəqil güclü Azərbaycan dövlətinin hərtərəfli inkişafını, xalqımızın Vətən müharibəsində parlaq qələbəsini təmin etməklə müasir tariximizin qızıl səhifələrini yazdığı vurğulanıb.
    Bildirilib ki, bu illər ərzində ölkəmizin sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisi, iqtisadi rəqabətqabiliyyətliliyinə görə nüfuzlu beynəlxalq hesabatlarda yüksək pillələrdə qərarlaşması, o cümlədən dünyanın ən islahatçı 10 ölkəsindən birinə çevrilməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, kosmik kluba daxil olması müstəqilliyimizin bəhrəsi olmaqla dövlətimizin başçısının məqsədyönlü siyasətinin bariz təzahürüdür.
    Eyni zamanda cənab Prezidentin rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafının ölkəmizin bölgədə və dünyada nüfuzunun artması ilə müşayiət olunduğu bildirilərək 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına uğurla, o cümlədən əlavə bir il müddətinə sədrliyi vurğulanıb. Respublikamızın ən mötəbər tədbirlərə, o cümlədən humanitar, siyasi, iqtisadi, mədəni forumlara, möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi diqqətə çatdırılaraq bu tədbirlərin yüksək səviyyədə təşkil olunması və keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri qeyd olunub.
    Kollegiyada xalqımızın müstəqillik illərindəki ən böyük tarixi nailiyyəti olan Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbənin qazanıldığı, torpaqlarımızın işğaldan azad edilərək tarixi ədalətin bərpa olunduğu xüsusilə vurğulanıb. Dövlət başçısının qeyd etdiyi kimi, "Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır".
    Bu qələbənin təməlində ölkə Prezidentinin güclü iradəsi, müstəqil və düşünülmüş siyasəti, yenilməz sərkərdəlik və diplomatik məharəti, xalqımızı dəmir yumruq kimi sıx birləşdirməsi dayanır. Dövlət başçısı son 18 ildə ordu quruculuğunu, müdafiə sənayesini inkişaf etdirərək Azərbaycan Ordusunu, Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdiyi kimi, ən müasir silah və hərbi texnika ilə təchiz olunmaqla dünyanın ən güclü 50 ordusundan birinə çevirib.
    Ədliyyə naziri Vətən müharibəsindən sonra ölkəmizin azad edilmiş torpaqlarda aparılan intensiv bərpa-quruculuq işləri ilə dünyanın diqqətini cəlb etdiyini vurğulayaraq, qısa müddətdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəcib təşəbbüsləri ilə bu istiqamətdə mühüm layihələrin gerçəkləşdirildiyini bildirib. Qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda qısa müddətdə yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması, Ermənistan tərəfindən işğal dövründə tamamilə dağıdılmış tarixi, dini və mədəni abidələrimizin bərpası, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqi dövlətimizin qüdrətinin və möhkəm iqtisadi potensiala malik olmasının əyani göstəricisidir.
    Eyni zamanda, Vətən müharibəsi şəhidlərinin xatirəsinin və misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm addımların atıldığı, o cümlədən Anım Günü və Zəfər Gününün təsis edildiyi, Hərbi Qənimətlər Parkının yaradıldığı, Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulduğu qeyd olunub, şəhid ailələrinin və qazilərinin yüksək dövlət qayğısı ilə əhatə olunduğu bildirilib.
    Bununla yanaşı, dövlət başçısının qəti iradəsi ilə bütün dünyanı bürüyən COVID-19 pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər, Azərbaycanın bu qlobal bəla ilə mübarizədə nümunəvi ölkə kimi dəyərləndirilməsi qeyd edilib.
    Nazir ötən dövrdə qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunduğunu bildirərək dövlət başçısının növbəti onillikdə ölkənin sosial-iqtisadi tərəqqisinin davamlılığını, inklüziv cəmiyyətin və müasir innovasiyaların inkişafını, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışı təmin etmək məqsədilə təsdiq etdiyi 2030-cu ilədək Milli Prioritetlərin əhəmiyyətini vurğulayıb.
    Həmçinin bildirib ki, müstəqillik illərində Azərbaycan ədliyyəsi müasir inkişaf yolu keçərək ədliyyə və məhkəmə-hüquq sistemi dövlət başçısının rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişafına və yeni çağırışlara uyğun ardıcıl islahatlar aparılmaqla təkmilləşir, milli prioritetlərə uyğun olaraq şəffaflığın artırılması, innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.
    Tədbirdə cəmiyyət həyatının bütün sahələrinin inkişafı üzrə müəyyən edilmiş prioritetlərin, xüsusilə torpaqlarımızın işğaldan azad edilməsinin ölkəmiz üçün yeni imkanlar yaratdığı bildirilərək dövlət başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasətinin, strateji hədəflərin və mühüm çağırışların, həyata keçirilən nəhəng işlərin insanlara düzgün çatdırılması, hadisələrə dərhal və tutarlı münasibət bildirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və Ermənistanın qanunsuz əməllərinin ifşası ilə bağlı beynəlxalq müstəvidə daha fəal iş aparılması vurğulanıb. Bu məqsədlə ictimaiyyətlə əlaqələr sahəsində işin çevik və səmərəli qurulması, media və vətəndaş cəmiyyəti ilə fəaliyyətin vahid strategiya əsasında təşkili üzrə görülən işlər qeyd olunub, ədliyyə sahəsində daha effektiv kommunikasiya siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər müəyyən edilib.
    Kollegiyada ölkə Prezidentinin tapşırıqlarından irəli gələn nazirliyin vəzifələrinin icrası müzakirə olunub, ədliyyə işçiləri tərəfindən dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, hər bir məmurun nümunəvi davranışı, həmçinin korrupsiyanın yolverilməzliyi kimi tələbləri daim rəhbər tutulmaqla qanunçuluğa, nizam-intizama və etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb, ictimai nəzarətin, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi və s. ilə bağlı tapşırıqlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR