AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşığın tarif differensasiyası dəyişdirilərək yeni diferensasiya tətbiq edilir

  • + A
  • - A
  • 16-10-2021, 16:30

    İşığın tarif differensasiyası dəyişdirilərək yeni diferensasiya tətbiq edilir
    Tarif (qiymət) Şurasının bu günkü iclasında elektrik enerjisinin tarif tənzimlənməsinə dair qərarına əsasən, əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir.

    Axar.az qərara istinadən xəbər verir ki, əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.

    Bundan başqa, qeyri-əhali üzrə büdcə təşkilatları, ticarət, xidmət sahələri və sənaye üzrə elektrik enerjisinin qiyməti 9 qəpik/kVts-dan 10 qəpik/kVts-a artırılır. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 1 kilovat/saat (kVts) üçün 6,6 qəpik səviyyəsində müəyyənləşdirilir, gecə-gündüz tarifi yalnız almüminium sənayesinə tətbiq olunmaqla ortalama tarif 4,55 qəpik/kVts-dan 5 qəpik/kVts-a artırılır.

    Bu vaxta qədər gecə-gündüz tarifi tətbiq olunan kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilir.

    Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisi müqavilə qiyməti ilə verilir.

    Tarif dəyişikliyinin əhaliyə və iqtisadiyyata təsirləri:

    - Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur;

    - İstehlak səbətində bir nəfərin aylıq istehlakı 50 kVts və orta statistik ailə tərkibinin sayının 4 nəfər olduğu nəzərə alınaraq güzəştli tariflər aylıq istehlakın 200 kVts-na tətbiq ediləcək. Bu kateqoriya əhali abonentlərin 63 %-ni təşkil edir;

    - Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır;

    - Elektrik enerjisi üzrə mövcud tariflər 2016-cı il dekabrın 1-dən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi zərurəti, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətlərində mövcud dəyişiklik nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün enerjinin tarif tənzimlənməsi qaçılmaz addımdır. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50 %-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndirir. Elektrik enerjisinin enerji təchizatı müəssisəsinə topdansatış tarifi 0,9 qəpik artırılaraq 6,6 qəpik müəyyənləşdirilib;

    - 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, habelə pandemiya ilə mübarizə çərçivəsində hökumət tərəfindən iqtisadi təşviq paketlərinin həyata keçirilməsi, iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanmasına səbəb olub. Bu baxımdan elektrik enerjisinə tələbat artıb;

    - Qeyri-əhali istehlakçı qrupları üzrə tarif 1 qəpik artırılaraq 10 qəpik təsdiq edilib. Bu iqtisadiyyatın ayrı-ayrı sektorlarında müəyyən əlavə xərclərin yaranmasına səbəb ola bilər. Tarif Şurası tərəfindən tənzimlənən qiymətlər nəzarətdə saxlanacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR