Məşhur Məmmədov,
Millət vəkiliHər il dekabrın 31-ni xalqımız və dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi xalqı öz ətrafında birləşdirməyə nail oldu.
Ümummilli Liderimizin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birini yada salaq: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunduğunu bildirən Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir.
Dahi şəxsiyyət Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır.
44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar yumruq kimi birləşərək qələbə uğrunda həmrəylik göstərdilər. Biz onların maddi və mənəvi dəstəklərini hiss etdik. Azərbaycanın qalibiyyəti xaricdə yaşayan həmyerlilərimizin də qürurunu özünə qaytardı.
Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyev fəaliyyəti dövründə daim dövlətimizin diaspor siyasətini diqqətdə saxlayır, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasının vacibliyini önə çəkir, diasporumuzun fəaliyyətinin daim Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu vurğulayır. Hazırda Azərbaycan xalqı dünya Azərbaycanlıları ilə həmrəydir, bu ənənə Azəebaycan dövləti var olduqca davam edəcək.
Hər bir azərbaycanlını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, can sağlığı, firəvan ömür arzulayıram.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.