Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Ümummilli Liderimiz 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. Ulu Öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətini bu gün inamla davam etdirən Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi fəaliyyət ardıcıl və sistemli səciyyə daşıyır. Ötən 18 ildə İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanın yüksəlişinin ortaya qoyduğu ən böyük reallıqlardan biri xalqımızın milli həmrəyliyinin daha da güclənməsidir. Bu illər ərzində İlham Əliyevin Azərbaycan cəmiyyətindəki etimadının daha da yüksəlməsi, dövlət başçısının yürütdüyü siyasətin xalqımız tərəfindən yekdilliklə və coşqu ilə dəstəklənməsi həm də milli həmrəyliyimizin ifadəsidir.
Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.
Ülviyyə Qasımova,
Salyan rayon Şəkərli kənd ümumi orta məktəbin müəllimi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.