AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

8 Noyabr – Şanlı Zəfərimiz qürur mənbəyimizdir

  • + A
  • - A
  • 6-11-2022, 11:40

    8 Noyabr – Şanlı Zəfərimiz qürur mənbəyimizdir

    Ceyhun Məmmədov,
    Millət vəkili

    8 Noyabr Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!
    Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü, noyabrın 8-i isə Zəfər Günü kimi qeyd olunacaq.
    Sərəncamlarda da qeyd olunduğu kimi, İkinci Qarabağ savaşında düşmən hər cür təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız böyük əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. 1905, 1918 və 1988-ci illərdə də ermənilər bu cür cinayətləri müxtəlif formalarda törətmişdilər. Məşhur bir ifadə var: “Tarix təkrarlanır”. Bəzən tarix o zaman təkrarlanır ki, ondan nəticə çıxarılmır. Bu anım gününün təsis olunması və hər il qeyd olunması bu vəhşiliklərin və təxribatların unudulmaması baxımından xüsusi əhəmiyyət daşıyır.
    Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunmasına gəldikdə isə Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.
    Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə Füzulidə beynəlxalq hava limanının inşa olunması, Zəngilanda "Ağıllı kənd" layihələrinin uğurla icra olunması, Zəfər yolunun inşası, Beynəlxalq əhəmiyyətli Zəngəzur dəhlizinin təməlinin qoyulması, işğaldan azad olunmuş rayonların baş planlarının hazırlanması, həmin ərazilərdə dəmir yollarının və avtomobil yollarının sürətli çəkilişi, su elektrik stansiyalarının bərpası və digər mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.
    Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır.
    Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR